Bakı. Trend:
Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi işlərinin 99 faizi başa çatıb.
"BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, 2017-ci il ərzində CQBK-nın genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etdirilib. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.
Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Azərbaycan hissəsində hazırda diqqət birləşdirmə və hidro-sınaqlar kimi yekunlaşdırma işlərinə yönəlib.
Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib.
2017-ci ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 29 milyon dollar əməliyyat xərcləri və 784 milyon dollar əsaslı xərclər sərf edilib.
2017-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,5 milyon kubmetr qaz olmuşdur.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)