Bakı. Trend:
Nobel Oil Services şirkətinin törəməsi olan SOCAR AQŞ Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsi üzrə müqavilə imzalayıb.
Trend-in məlumatına görə, SOCAR AQŞ bu layihəni Çinin Camc Engineering və Türkiyənin IC İçtaş İnşaat şirkətləri arasında olan birgə müəssisəsi üçün həyata keçirəcək. Müqaviləyə əsasən SOCAR AQŞ, Duz gölü yeraltı qaz anbarında qazma işlərinin ikinci mərhələsi çərçivəsində hər biri 1,550 metr və ümumi dərinliyi 62,000 metr olan 40 quyu qazacaq.
Layihənin məqsədi Türkiyənin Ankara şəhərindən təqribən 200 km cənubda yerləşən Duz gölü bölgəsindəki duz mağarası sahəsindəki anbar sahəsini genişləndirməkdir. Layihənin həyata keçirilməsi Türkiyənin qaz təchizatı təhlükəsizliyini yaxşılaşdıracaq və enerji təminatında havaya atılan karbon tullantılarının intensivliyini azaldacaq.
“SOCAR AQŞ Azərbaycanda ən mürəkkəb layihələri idarə etməklə yüksək peşəkarlı qazma şirkəti kimi özünə ad qazanmağa müvəffəq olub. Qazma sahəsində geniş təcrübə və yenilikçi bilik və bacarıqları şirkətə mühüm beynəlxalq layihələrdə iştirak etməyə imkan verir” – Nobel Oil Services şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirib.
“Azərbaycanın ixracyönümlü siyasətini rəhbər tutaraq SOCAR AQŞ bu əhəmiyyətli layihədə iştirak edəcək və ən müasir texnologiyalardan istifadə etməklə Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək” – deyə o, əlavə edib.
Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.
Nobel Oil Services şirkəti SOCAR AQŞ-nın əsas səhmdarıdır.