Bakı. Ləman Zeynalova - Trend:
Avropada yaxşı işləyən və inteqrasiya olunmuş elektrik enerjisi bazarı, bərpa olunan enerji mənbələrinə daimi investisiyalar və enerji səmərəliliyinin artımı istehlakçılar üçün münasib elektrik enerjisi qiymətlərinin təminatıdır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Avropa Komissiyasından bildiriblər.
Qeyd edilib ki, koronavirus pandemiyasının əvvəlində elektrik enerjisinin topdan satış qiymətləri rekord həddə aşağı səviyyədə idi. Ona görə də pandemiyadan sonra iqtisadi bərpa müddətində qiymətlərin artımı gözlənilirdi: "Bugünkü yüksək qiymətlər bir sıra amillərin, əsasən, iqtisadiyyatın bərpası ilə əlaqədar dünya qaz tələbatının əhəmiyyətli dərəcədə artması və karbon tullantılarına tariflərin yüksəlməsinin nəticəsi olub. Bunlara da yüksək mövsümi tələbat və hava şəraiti təsir göstərib. Bütün bu müddət ərzində elektrik enerjisi və alternativ enerji istehsalının dəyəri sabit qalsa da, xərclər ən aşağı səviyyədə olub. Avropa Komissiyası Avropa Yaşıl Kursuna müvafiq olaraq "təmiz enerji"yə ədalətli keçid prosesinə sadiqdir. Yeni Sosial İqlim Fonduna enerji səmərəliliyi, binaların təmiri, ekoloji təmiz nəqliyyatın inkişafına investisiyaların dəstəklənməsi üçün 70 milyard avrodan çox vəsaitin ayrılması təklif olunub. Bu fond Bərpa və Dayanıqlılıq Fondunun ayırdığı vəsaitlərə əlavə olaraq, öz növbəsində istehlakçılara yüksək elektrik enerjisi qiymətlərinə uyğunlaşmağa kömək göstərməlidir".
Qeyd olunub ki, Avropa İttifaqının enerji siyasəti istehlakçıların tələblərinin təmin olunmasına yönəlib və bu baxımdan, onlar arasında daha həssas qrupların dəstəklənməsinə zərurət var: "Aİ qanunvericiliyi üzv ölkələrinə müəyyən şərtlər daxilində aztəminatlı və sosial həssas ailələr üçün elektrik enerjisi tədarükü qiymətlərinin müəyyənləşdirilməsinə dövlət müdaxiləsi kimi tədbirlər qəbul etməyə imkan verir".
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)