Bakı. Trend:
Almaniyanın "Liebherr-MCCtec Rostock2 şirkəti Azərbaycanın "Ümid-2" qaz layihəsi (ikinci platformadan istehsal) üçün dörd yeni dəniz kranı tədarük edib.
Trend bu barədə "Offshore Engineer" jurnalına istinadən xəbər verir.
Məlumata görə, sifarişə maksimal yükqaldırma qabiliyyəti 45 ton olan iki BOS 2600 kranı, həmçinin yükqaldırma qabiliyyəti 50 ton olan iki BOS 4200 kranı daxildir. Hər iki kran Liebherr Litronic idarəetmə sistemi ilə təchiz edilib.
Dörd kran 2022-ci ilin sonlarında "E-ship 1" yük gəmisi ilə göndərilib. Liebherr sifarişi hələ 2020-ci ilin avqustunda almışdı.
Qeyd edək ki, son məlumatlara əsasən, "Ümid" qaz-kondensat yatağı istismara verildiyi tarixdən etibarən 2022-ci il noyabrın 1-dək yataqdan altı milyard kubmetrdən artıq qaz hasil olunub. Yataq 2012-ci ildə istismara verilib. Hazırda burada dörd istismar quyusu fəaliyyət göstərir, hesabat dövründə yataqdan həmçinin 950 min tondan artıq kondensat hasil olunub.
2008-ci ildə SOCAR və Nobel Oil Exploration & Production Ltd şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid" perspektiv strukturunda qazma işlərinin həyata keçirilməsi üçün "SOCAR-Umid" məhdud məsuliyyətli cəmiyyətini yaradıb. SOCAR-ın bu şirkətdəki pay iştirakı 80 faiz təşkil edir. 2017-ci ilin əvvəlində "Ümid-Babək" blokunun kəşfiyyatı və işlənməsi haqqında "Risk-Service" müqaviləsi imzalanıb.
Twitter: @Lyaman_Zeyn