Bakı. Trend:
Bu günə qədər Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə 11,3 milyon meqavat-saatdan çox və ya 962 milyon kubmetrdən çox təbii qaz nəql olunub.
Bu barədə Trend-ə boru kəmərinin operatoru olan ICGB-dən məlumat verilib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Hazırkı istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.