Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın ticari qolu olan "SOCAR Trading" Asiya-Sakit Okean regionunda maye təbii qaz (MTQ) qiymətlərini "S&P Global Commodity Insights" şirkətinin tərkibinə daxil olan "Platts" şirkətinin "MOC" (Market on Close assessment) metodu üzrə dəyərləndirmə prosesində iştirak etmək niyyətindədir.
Trend "Platts"a istinadən xəbər verir ki, "SOCAR Trading" "Platts"a müvafiq müraciət ünvanlayıb.
"Platts" şirkətin məlumatlarını redaksiya standartlarına riyaət olunması şərtilə, qiymətləndirmə prosesində nəzərə alacaq və "SOCAR Trading"in bütün məlumatlarını müvafiq olaraq dərc edəcək.
"Platts" "MOC" metodu üzrə qiymətləndirmədə iştirakla bağlı müvafiq bütün cavabları alqışlayır.
Qeyd edək ki, baş ofisi Cenevrədə yerləşən “SOCAR Trading” 2007-ci ilin dekabrında "SOCAR"ın "Azəri-Çıraq-Günəşli" blokunda və Azərbaycanın digər yataqlarında hasil olunan Azərbaycan neftinin satışı üzrə mandatla SOCAR-ın marketinq şöbəsi kimi qeydiyyatdan keçib.
Şirkətin Cenevrə, London, Sinqapur, Dubay və Hyuston kimi beynəlxalq ticarət mərkəzlərində beş əsas ticari ofisi, eləcə də, bir neçə nümayəndəliyi mövcuddur.
Cenevrə "SOCAR Trading"in əməliyyat mərkəzidir.
"SOCAR Trading"in ikinci ən böyük ofisi Sinqapurda yerləşir, burada şirkət Azərbaycan neftinin Şərqə satışını həyata keçirir, həmçinin, müxtəlif məhsulların ticarəti ilə məşğul olur və Asiyadakı tərəfdaşları ilə biznesi inkişaf etdirməyə davam edir.
"SOCAR Trading" Dubaydakı ofisi vasitəsilə biznesini Fars körfəzi və Şərqi Afrika regionları istiqamətində inkişaf etdirir.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)