Bakı. Trend:
Cənub Qaz Dəhlizinin genişləndirilməsi bazarın tələblərindən asılı olaraq həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu iclasının yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycanın resursları genişlənmə üçün kifayətdir, lakin cari ehtiyacı ixrac müəyyən edəcək.
Şahbazov xatırladıb ki, 2026-cı ilin yanvarından TAP-ın ötürmə qabiliyyəti 1,2 milyard kubmetr artacaq.
"Trans-Balkan qaz kəmərinin əlavə marşrut kimi istifadəsi də artım dinamikasında rol oynaya bilər", - nazir qeyd edib.
Şahbazov əlavə edib ki, bu ildən Serbiya Azərbaycan qazını almağa başlayıb.
"Hasilatın artırılması üçün görülən bütün tədbirlər - Abşeron, AÇG-də dərin qaz layihələri, "Ümid Faza 2" və "Qarabağ" hazırkı geosiyasi şəraitdə Azərbaycanın Aİ üçün etibarlı tərəfdaş olduğunun bariz göstəricisidir", - nazir qeyd edib.
Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkədən nümayəndələr, 6 beynəlxalq təşkilat və 44 şirkət, eləcə də, Azərbaycandan və Aİ ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.