...

Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı məqsəd və vəzifələr dayanır - Nazir müavini

Energetika Materials 27 May 2024 12:31 (UTC +04:00)
Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı məqsəd və vəzifələr dayanır - Nazir müavini
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı məqsəd və vəzifələr dayanır.

Trend xəbər verir ki, bu barədə energetika nazirinin müavini Samir Vəliyev Bakıda keçirilən "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfransda çıxışı zamanı deyib.

"Azərbaycanın qarşısında enerji keçidi sahəsində, həqiqətən. ambisiyalı məqsəd və vəzifələr dayanır. Azərbaycan tarixən zəngin ehtiyatlara malik neft-qaz ölkəsi olub və bunları uğurla ixrac edir. Beynəlxalq arenada Azərbaycan iqlim dəyişmələri ilə mübarizə və atmosferə tullantıların azaldılmasında fəal iştirak edir. Bu kontekstdə ölkə daha dayanıqlı inkişafa keçid üçün könüllü olaraq öz qarşısında məqsədlər qoyub "yaşıl günlər" müəyyən edib", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, hazırda 1870 meqavatta "yaşıl" enerji mənbələri ilə əlaqəli layihələrin icrası və 2027-ci ilədək enerji sisteminə inteqrasiyası nəzərdən keçirilir.

"Paralel olaraq, bizim dənizdə külək enerjisi üçün böyük potensialımız var və əldə olunan enerjini Avropa ölkələrinə ixrac etməyi planlaşdırırıq. Yaxın gələcəkdə "ACWA Power" şirkəti 240 meqavatt gücündə külək elektrik stansiyası layihəsini [300 mln. ABŞ dolları dəyərində Xızı-Abşeron] həyata keçirməyi planlaşdırır.

"Masdar" şirkəti artıq 2023-cü ilin oktyabr ayından fəaliyyət göstərən 230 meqavatt gücündə günəş elektrik stansiyası (GES) inşa edib və yaxın gələcəkdə ümumi gücü 1000 meqavatt (yaxud 1 qiqavatt) olan üç bərpa olunan enerji mənbəyi (BEM) obyektinin təməlinin qoyulması planlaşdırılır", - deyə o əlavə edib.

Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş "Masdar" şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 qiqavattdan çox olan layihələr icra edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti