...

Səngəçal terminalından neft və kondensat ixracının həcmi açıqlanıb

Energetika Materials 7 Avqust 2025 15:35 (UTC +04:00)
Səngəçal terminalından neft və kondensat ixracının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarımilində Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Trend bp-yə istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

İlk altı ay ərzində terminal təxminən 106 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon barel və ya 3,6% azalma deməkdir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 616 milyon standart kubfut) Şahdəniz qazı göndərilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 2 milyon standart kubmetr və ya 2,6% azalma deməkdir.

Terminalda emissiyaların azaldılmasına doğru

İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. 230 milyon dollar dəyərində olan bu layihə terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. Layihə üzrə tikinti işləri artıq başlanıb və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti