İtaliya yenə də Azərbaycan qazını almaqda maraqlı olduğunu bildirib. Trend in xəbər verdiyi kimi, bu məsələ oktyabrın 20-də Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birinci iclasında müzakirə mövzusu olub.
Bu məsələ ilə bağlı xüsusilə İtaliyanın Edison və digər neft şirkətləri maraq göstərir. Komissiyanın nəticələrinə görə, bu şirkətlərin qaza olan tələbatının ümumi həcmini müəyyən etmək qərara alınıb.
Xəzər regionundan təbii qazın nəqli məqsədilə Türkiyə və Yunanıstanın qaz sistemlərinin tranzit üçün istifadə imkanlarının araşdırılması nəzərdə tutulur. Bunun üçün Türkiyə-Yunanıstan və Yunanıstan-İtaliya istiqamətlərində qaz kəmərlərinin inşası prosesi daimi əsasda diqqətdə saxlanılmalıdır. Bu kəmərlər gələcəkdə Azərbaycan qazının nəqli üçün istifadə olunacaq.