...

"Argus Media"nın analitiki: "Azərbaycanla Türkmənistan tezliklə "Kəpəz" yatağının istismarı ilə bağlı konsensusa gələ bilərlər"

Energetika Materials 24 Avqust 2007 11:52 (UTC +04:00)
"Argus Media"nın analitiki: "Azərbaycanla Türkmənistan tezliklə "Kəpəz" yatağının istismarı ilə bağlı konsensusa gələ bilərlər"

Azərbaycan, Bakı / Trend müxbir V.Şərifov/ Azərbaycanla Türkmənistan tezliklə Xəzərin milli sektorlara bölünməsi və mübahisəli "Kəpəz" yatağının istismarı ilə bağlı məsələdə ümumi anlaşmaya gələ biləcəklər.

"Bakı ilə Aşqabad sahilyanı dövlətlər arasında beştərəfli konsensus əldə olunandan tez anlaşa bilərlər" - deyə "Argus Media"nın analitiki Rauf Hüseynov vurğulayıb.

Oktyabrın ortalarında Tehranda Xəzəryanı dövlətlərin sammiti keçiriləcək. Burada bəyannamənin imzalanması planlaşdırılır. Müvafiq sənəd artıq sahilyanı dövlətlərin XİN-ləri tərəfindən hazırlanıb.

Hüseynovun sözlərinə görə, təcrübə göstərir ki, Xəzəryanı dövlətlər ikitərəfli təmaslar səviyyəsində daha tez ümumi dil tapa bilirlər.

Tehrandakı sammit 2002-ci ildə Türkmənistan paytaxtında keçirilən sammitdən sonra ikinci zirvə toplantısı olacaq. Həmin vaxt prezidentlər anlaşdılar ki, belə görüş hər il keçiriləcək. Lakin bu vaxtadək sammit keçirilməyib. Müvafiq zaman kəsiyində İran, Azərbaycan və Türkmənistanda liderlər dəyişib.

Sovet İttifaqı dağılanadək Xəzərin hüquqi statusu SSRİ ilə İran arasında 1921 və 1940-cı illərdə imzalanan sənədlərə əsaslanırdı. Perspektiv neft-qaz strukturlarının bölgüsü parametrlərinin əvvəlki hüquqi rejimdə mövcud olmaması beş sahilyanı dövlət (Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İran) arasında konsensus əsasında Xəzərin yeni hüquqi rejiminin işlənilməsinə zərurət yaradıb.

"Argus Media"nın analitiki istisna etmir ki, Azərbaycanla Türkmənistan Xəzərin hüquqi statusuna dair qərar olmadan "Kəpəz" yatağının birgə işlənilməsi ilə bağlı anlaşa biləcəklər.

"Tərəflər birgə şirkət, yaxud müştərək müəssisə yarada bilərlər və sonra layihəyə xarici investorları cəlb edə bilərlər" - deyə o bildirib.

Azərbaycan Sənaye və Energetika Nazirliyinin məlumatlarına əsasən, "Kəpəz"dəki ehtiyatları 50 mln. ton neft təşkil edir. Yataq SSRİ dönəmlərində azərbaycanlı neftçilər tərəfindən kəşf edilib. Sovet dönəmində yataq Azərbaycanla Türkmənistan arasında ortaq xəttə yerləşdiyi üçün "Aralıq" adlandırılırdı. "Kəpəz" yatağının işlənilməsinə ABŞ-ın "Chevron" və Almaniyanın "Wintershall" şirkətləri maraq göstərir.

Xəbər lenti

Xəbər lenti