Bakı. Trend:
Avropa Mərkəzi Bankı (AMB) koronavirus pandemiyasının Avrozonanın iqtisadiyyatı üçün mənfi nəticələr verəcəyini düşünür və problemləri qarşılamaq üçün yeni tədbirlər görməyə hazırdır.
Trend-in məlumatna görə, bu barədə AMB rəhbəri Kristin Laqard "Handelsblatt" qəzetində dərc olunan məqalədə deyib.
"Pandemiya bütün sahələrdə insanlar və şirkətlərin dəstək alması üçün siyasətçilərin ambisiyalı, razılaşdırılmış və dərhal reaksiyasını tələb edən son dərəcə ağır iqtisadi şokdur", - Mərkəzi Bankın rəhbəri qeyd edib. Onun qiymətləndirməsinə görə, 2008-2009-cu illərin böhranından fərqli olaraq, bu şok daha "universaldır", yəni bütün ölkələrə və cəmiyyət təbəqələrinə toxunur.
AMB-nın İdarəetmə Şurası yeni növ koronavirus yayılması şəraitində maliyyə sabitliyini dəstəkləmək üçün 750 milyard avro dəyərində qiymətli kağızların alınması proqramının başlanmasına qərar verib. Satınalma 2020-ci ilin sonuna qədər həyata keçiriləcək və "mövcud satınalma proqramına düşən bütün aktiv kateqoriyalarını əhatə edəcək".