...

Bank kapitalının və onun adekvatlığının hesablanması qaydalarında dəyişikliklər edilib

Maliyyə Materials 19 Avqust 2022 12:43 (UTC +04:00)
Bank kapitalının və onun adekvatlığının hesablanması qaydalarında dəyişikliklər edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilmiş və 16 avqust 2022-ci il tarixindən qüvvəyə minib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu dəyişikliklər bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.

Son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunmaqdadır. Cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14.9% artmışdır. Qeyd olunanlar nəzərə alınaraq, məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınması istiqamətində borcun gəlirlərə nisbəti (BGN) əmsalı 45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən borcalanlara verilmiş istehlak kreditlərinin risk qrupları 50% bəndi artırılmışdır. Təhlillər göstərir ki, istehlak kreditləri portfelinin 21%-ni BGN əmsalı 45-70% intervalında verilən kreditlər təşkil edir. Bundan əlavə, istehlak kreditləri üzrə yeni prudensial tələblərin faizlərə azaldıcı təsirinin təmin edilməsi məqsədilə faiz dərəcəsi sektorun orta faiz dərəcəsi ilə müqayisədə yüksək olan istehlak kreditlərinin nisbəti meyarı və risk qrupları sərtləşdirilmişdir.

Son illərdə bankların biznes portfelində dedollarlaşma meylləri müşahidə olunmaqdadır. Bununla belə, təhlillər xarici valyutada gəliri olmayan biznes subyektlərinin xarici valyutada biznes kreditlərinə maraqlarının olduğunu göstərir. Borcalanların potensial valyuta riskindən qorunması istiqamətində valyuta riski hedcləşdirilməmiş borcalanlara (xarici valyutada gəliri olmayan və ya valyuta riskindən sığortalanmamış borcalanlar) xarici valyutada verilmiş biznes kreditlərinin risk qrupu 120%-dən 200%-ə qaldırılmışdır.

Ölkədaxili banklararası bazarın stimullaşdırılması istiqamətində qısamüddətli yerli banklararası tələblərin risk qrupları yumşaldılmışdır.

Qeyd olunanlardan əlavə, risk səviyyəsinin aşağı hesab olunduğu bir sıra istiqamətlər üzrə tənzimləmə yanaşmaları yumşaldılmışdır.

Bütövlükdə, yeni dəyişikliklər post-pandemiya dövründə tədricən artan iqtisadi aktivlik fonunda bank sektorunun maliyyə dayanıqlığının təmin edilməsi və gücləndirilməsini, habelə əhalinin izafi borcalanmasının qarşısının alınmasını, eləcə də borcalanların valyuta riskindən qorunmasını və banklararası bazarın inkişafını təmin edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti