Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin yuxarı həddi 8.25%, faiz dəhlizinin aşağı həddi isə 6.25% səviyyəsində saxlanılıb.
Qeyd edilib ki, bu qərar faktiki və proqnozlaşdırılan
inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin
dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla
qəbul olunub. İnflyasiyanı artıran və azaldan amillərin bir-birini
neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən
səbəblərdəndir.
Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı
həddinin altında olub. Belə ki, 2024-cü ilin may ayında 12 aylıq
inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel
proqnozlarına uyğundur. May ayında 12 aylıq baza inflyasiya 0.4%
olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%,
xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.
Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə
qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı
həddinə yaxındır.
İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının
məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə
qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə
5.1% artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)
məlumatına görə ərzaq qiymətləri indeksi 3.4% azalıb. Manatın
nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin 5
ayında 3.2%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə
töhfə verib.
Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında
həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının
cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM)
nisbəti 10.1% təşkil edib. 5 ayda ölkənin strateji valyuta
ehtiyatları 1.8% (və ya 1.3 mlrd. ABŞ dolları) artaraq 69.7 mlrd.
ABŞ dollarına çatıb.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank
sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla
tətbiq edilir. Bu alətlərdən aktiv istifadə pul bazarında orta
faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin
edir. İyun ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar
üzrə orta faiz (1D AZIR) 6.75% (mayda 6.88%) olmaqla faiz
dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank
avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət
büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları
qalıqlarının artımının bank sistemindəki likvidliyə azaldıcı
təsirini nəzərə almaqla sterilizasiya əməliyyatlarının həcmini
azaldıb.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli
dəyişiklik müşahidə olunmayıb. Tərəfdaş ölkələrdə inflyasiyanın və
dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici
inflyasiya riski olaraq qalır. Aparıcı iqtisadiyyatlarda monetar
şəraitin sərt olaraq qalması isə qlobal inflyasiyanı azaldacaq
amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli
xərc amillərinin, eləcə də məcmu tələbin izafi artımı ilə
əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin
genişlənməsinin və kredit aktivliyinin inflyasiyaya təsirləri
diqqətdə saxlanılmalıdır.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini
tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü
və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%)
olacağı gözlənilir. Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər
üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan
edəcəkdir.
Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və
proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı
olacaqdır. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın
cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə
və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin növbəti iclasda
da dəyişməz saxlanılması ehtimalını yüksək saxlayır.
Bu qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin
parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə
2024-cü il iyul ayının 31-də açıqlanacaq və bununla bağlı mətbuat
konfransı keçiriləcəkdir.