Bakı. Trend:
Müasir dünyamızda xüsusilə diqqət ayrılan məsələlər sırasında bərpaolunan və “yaşıl enerji” mühüm yer tutur. Azərbaycan da bu məsələyə özəl yanaşma sərgiləyir. Təsadüfi deyil ki, bərpa olunan və “yaşıl enerji” əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Azərbaycanda energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
“Ümumiyyətlə, Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur.
Həmçinin, qarşıya qoyulan prioritetlərin tərkib hissəsi olaraq Prezident İlham Əliyev 2023-cü il noyabrın 30-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) rəsmi açılışında iştirak məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib”, - deputat qeyd edib.
V.İskəndərov əlavə edib ki, aparılan hesablamalara əsasən, Azərbaycanın bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur:
“Bu hesablamalara əsasən qeyd edə bilərik ki, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir”, - deyə V.İskəndərov bildirib.
Deputat onu da əlavə edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.
“2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə cənab Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülüb və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulub. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya sənədi hazırlanıb”, - deyə o əlavə edib.
Deputat vurğulanıb ki, Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır.
“Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin, küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur. Və artıq bu istiqamətdə müvafiq addımlar atılmaqdadır”, - deyə V.İskəndərov əlavə edib.