Bakı. Trend:
Benzin və dizellə işləyən avtomobillər son dövrlər tədricən elektrik mühərriki ilə çalışan nəqliyyat vasitələri ilə rəqabətə girməli olur. Alternativ yanacaqla işləyən avtomobillər içərisində istifadə cəhətdən ən geniş yayılmış olanı elektromobildir. Azərbaycanda da son illər elektriklə işləyən avtomobillərə maraq artmaqdadır.
Bu, bir neçə amillə əlaqədardır. İnsanlar ətraf mühitin qorunmasına daha çox diqqət yetirirlər. Elektrik avtomobilləri ənənəvi yanacaqla işləyən avtomobillərə nisbətən daha az emissiya buraxır. Belə avtomobillərin uzunmüddətli xərcləri (yanacaq və texniki xidmət) daha aşağı olduğu üçün daha çox insan bu avtomobilləri seçir.
Ölkəmizdə hökumət elektrikli avtomobillərin alınmasını təşviq edən müxtəlif proqramlar təqdim edir. Vergi güzəştləri, subsidiyalar və elektrik şarj stansiyalarının yaradılması bu qəbildəndir. Belə ki, 2022-ci ildən elektromobillər və onlar üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib. Ötən ildən isə zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərin idxalına gömrük rüsumu artıq tətbiq edilmir. Bu səbəblər ölkəmizdə elektriklə işləyən avtomobillərin sayının artmasına gətirib çıxarıb.
Bakıda və bölgələrdə bir neçə şarj məntəqəsi quraşdırılıb və bu xidmət müştərilərə pulsuz təklif olunur. Bu məntəqələr şəhər mərkəzlərində, ticarət mərkəzləri, hotellərin yanında və ictimai yerlərdə yerləşdirilir.
Statistikaya nəzər salsaq, görərik ki, Bakı şəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 enerji doldurma məntəqəsi fəaliyyət göstərir. Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda bu məntəqələr quraşdırılıb. Cari il üçün ölkə ərazisində 147 nöqtədə enerji doldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzurun payına düşür.
İlk vaxtlar elektromobillərin batareyalarının mübadiləsi və təmiri üçün ixtisaslaşmış servis mərkəzlərinin olmaması problem yaradırdı. Lakin hazırda rəsmi dilerlər elektromobil alanları onların ehtiyat hissələri ilə də təmin edirlər.
İstifadəçilər üçün elektromobillər haqqında məlumat və təlimatların az olması, bu texnologiyanın qəbulunu müəyyən qədər ləngidə bilər. Elektromobillər üçün sığorta və ikinci əl bazarının hələ tam inkişaf etməməsi potensial alıcılar üçün çətinliklər yarada bilər. Bu problemlərin aradan qaldırılması elektromobillərin daha geniş yayılmasına və insanların bu avtomobillərə marağının daha da artmasına kömək edə bilər.
Elektromobillərin məsafə qət etməsinə gəldikdə, bu modellərə görə dəyişir, lakin müasir elektromobillərin əksəriyyəti bir dəfə şarjla 200-600 kilometr məsafəni qət edə bilir. Bəzi yüksək performanslı modellər isə 700 kilometrə qədər məsafə qət edə bilir. İstehsalçıların təqdim etdiyi müxtəlif modellərin məsafə qabiliyyətləri fərqlidir. Ümumiyyətlə, avtomobil satan şirkətlər avtomobili 80%-dən yuxarı və 20%-dən aşağı şarjla istifadəsini məsləhət görmür.
Qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında Azərbaycana 10 min 464 ədəd hibrid və tam elektrikli avtomobil idxal olunub. 2023-cü ilin eyni dövründə Azərbaycana 679 milyon 509 min dollar dəyərində 44 min 937 ədəd minik avtomobili, o cümlədən, 8 min 453 ədəd hibrid və tam elektrikli avtomobil idxal edilmişdi.