Bakı. Trend:
Azərbaycanda ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) üzrə strateji sənəddə nəzərdə tutulmuş beş planlaşdırılmış mərhələdən üçü artıq tamamlanıb, qalan ikisinin isə yaxın vaxtlarda tamamlanması gözlənilir.
Trend xəbər verir ki, bunu Azərbaycan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda bildirib.
"Dayanıqlı inkişaf və iqtisadi artımın sürətləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən təsdiq edilmiş strategiyalarla müəyyən edilir və dövlət proqramlarında mərkəzi yer tutur. Bu proqramlar çərçivəsində sosial-iqtisadi inkişaf üçün milli prioritetlər müəyyən edilib və bunlardan biri yaşıl iqtisadiyyatın inkişafıdır. Bu əsas prinsiplərə söykənərək, ətraf mühitin qorunması, sosial məsuliyyət və korporativ idarəetmə, habelə ESG prinsiplərinə uyğun hüquqi baza və ekosistemin yaradılması istiqamətində dövlət siyasətinin yönləri müəyyən edilib", — o bildirib.
Vüsal Şıxəliyev əlavə edib ki, ESG üzrə strateji sənəd Azərbaycanda hələ 2022-ci ildə hazırlanıb və dövlət tərəfindən təsdiq edilib.
"Bu sənəd 5 əsas istiqamət üzrə sistemli tədbirlər nəzərdə tutur. Bu gün qürurla bildirə bilərik ki, planlaşdırılan 5 mərhələdən 3-ü artıq tamamlanıb. Qalan 2 mərhələ - ESG prinsiplərinin özəl sektora inteqrasiyası və dövlət orqanlarının fəaliyyəti, həmçinin qiymətləndirmə və monitorinq alətlərinin tətbiqi yaxın vaxtlarda həyata keçiriləcək", — V.Şıxəliyev əlavə edib.