...

COP29 Paris Sazişinin icrası üçün səyləri gücləndirmək üçün əlavə imkandır - Misirin Baş naziri

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 14:48 (UTC +04:00)
COP29 Paris Sazişinin icrası üçün səyləri gücləndirmək üçün əlavə imkandır - Misirin Baş naziri
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

COP29 Paris Sazişinin icrası üçün səyləri gücləndirmək üçün əlavə imkandır.

Trend xəbər verir ki, bunu Misirin Baş naziri Mustafa Mədbuli Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.

"Bu konfrans bizdən inkişaf etməkdə olan ölkələr üçün maliyyələşməni təmin etməyi tələb edir. Çünki Afrika barədə danışsaq, görərik ki, onun ÜDM-nin təxminən 5 faizi iqlim dəyişikliyi ilə mübarizəyə sərf olunur. Əminəm ki, konfransın sonunda müsbət və konstruktiv nəticələr əldə edəcəyik", - deyə baş nazir qeyd edib.

Misir xüsusən texnologiya və bilikdən məhrum olan və potensialını inkişaf etdirməyə ehtiyacı olan ölkələr üçün iqlim böhranı ilə mübarizə tədbirlərinin həyata keçirilməsinə və maliyyə vəsaitlərinin gecikdirilməsinin aradan qaldırılmasına diqqət yetirməyə çağırır.

"Misir hər zaman həmrəyliyi, konsensusu və danışıqları gücləndirməyə çalışır, bu prinsiplər isə Paris Sazişində nəzərdə tutulub. Biz 2030-cu ilə qədər strateji təşəbbüs və yaşıl transformasiya layihələrini, eləcə də, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 48 faiz səviyyəsinə çatdırmaq üçün tərəfdaşlıqları gücləndirməyə yönəlmiş layihələri işə saldıq", - o vurğulayıb.

Mustafa Mədbuli əlavə edib ki, Afrika ölkələri ümumilikdə maliyyələşmə çatışmazlığı və tədbirlərin həyata keçirilməsində real çətinliklərlə üzləşir. Onlar üçün təcili tədbirlər görülməlidir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti