Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir H.Vəliyev/
İlin sonunadək Azərbaycanın bütün ərazisində ümumi telefon şəbəkəsi elektron formaya keçiriləcək. Bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Nazirin sözlərinə görə, Azərbaycan postsovet məkanında 2008-ci ildə bütün ölkə ərazisinin telefonlaşdırılmasına nail olmuş ilk ölkədir.
Abbasovun sözlərinə görə, bu liderliyi özündə qoruyub saxlayan Azərbaycan MDB dövlətləri arasında ümumi telefon şəbəkəsi tam rəqəmli sistemə keçəcək ölkə olmağa da iddia edir.
Nazirliyin statistikasına görə, bu gün Azərbaycanda elekton ATS-lərin xüsusi çəkisi 93 faiz təşkil edir. Paytaxtda bu göstərici 95 faiz, respublikanın digər regionları üzrə 90 faiz təşkil edir. Ümumilikdə ilin əvvəlindən elektron ATS-lərin həcmində artım altı faizdir.
Bu gün bütün respublika üzrə hər 100 nəfərə düşən telefonların ümumi sayı 16,2 ədəd təşkil edir. Paytaxtda bu göstərici 34,6 ədəd, respublikanın digər regionları üzrə 10,7 ədəd, kənd yerlərində isə yeddi ədəd təşkil edir.