...

Azərbaycan Kubaya kompüter tədarük etməyə başlayıb

Telekommunikasiya Materials 6 Yanvar 2011 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT şirkəti "Ultra" Kubaya fərdi kompüterlərin pilot partiyasını göndərib. Bu barədə cümə axşamı Trend-ə "Ultra"nın marketinq şöbəsinin rəhbəri Malik Rəşidov deyib.

Rəşidovun sözlərinə görə, şirkət bu ölkəyə "Nexus Extreme LCD" seriyalı 20 kompüterin tədarükünü həyata keçirib.

"Layihə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyi ilə həyata keçirilib. Bu gün Meksikaya da portativ "Nexus" kompüterlərinin tədarükü imkanı nəzərdən keçirilir. Bu ölkəyə yerli istehsallı məhsulun tadarükü məsələsi hələ ki danışıqlar mərhələsindədir", - Rəşidov qeyd edib.

Kuba ilə İKT sahəsində əməkdaşlıq imkanı 2010-cu ilin oktyabrında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Kuba İnformatika və Rabitə Nazirliyinin imzaladığı sazişlə razılaşdırılıb. Sənəd ümumiləşdirilmiş xarakter daşıyır və Azərbaycan şirkətlərinin bu ölkə ilə konkret layihələrdə gələcək əməkdaşlıq imkanlarını müəyyən etməklə, təməl olmalıdır. Saziş Azərbaycanın yüksək texnologiyalı məhsullarının Kuba bazarına çıxarılması baxımından qarşılıqlı yardıma da kömək etməlidir.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bu yaxınlarda Kubaya səfəri zamanı Azərbaycan tərəfi bu ölkənin hökumətinə ali və orta təhsil müəssisələrinin auditoriyalarında istifadə üçün 30-a yaxın portativ və masaüstü kompüter verib. Əsas məqsəd bu ölkədə Azərbaycan məhsullarının satılması imkanları və Azərbaycanın İT şirkətlərinin təhsil sisteminin kompüterləşdirilməsi layihələrində iştirakı üçün Kuba bazarı ilə ilkin tanışlıq olub.

Analoji razılıq Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU - International Telecommunication Union) 2010-cu ilin oktyabrında keçirilən səlahiyyətli konfransı çərçivəsində Meksika ilə də əldə olunub. Konfrans zamanı informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Xəbər lenti

Xəbər lenti