...

Azərbaycanın poçt rabitəsi operatoru MasterCard-la danışıqlara başlayıb

Telekommunikasiya Materials 5 Aprel 2011 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC MasterCard beynəlxalq ödəniş sisteminin bəzi üzvləri ilə danışıqlara başlayıb. Bu barədə Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin (RRB) Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, MasterCard təklifi nisbətən daha əlverişlidir və üzvlüyə daxil olma prosedurları daha asandır. Ona görə də ilk növbədə danışıqlar məhz bu ödəniş sistemi ilə aparılır.

Onun sözlərinə görə, paralel olaraq Visa International beynəlxalq ödəniş sistemi ilə bu ilin əvvəlində başlanan danışıqları bərpa etmək də planlaşdırılır. Visa International-a və MasterCard-a qoşulmalar poçt operatoruna beynəlxalq ödəniş kartları emissiyasına başlamağa imkan verəcək.

Bu gün operator tərəfindən Milli Kart prosessinq mərkəzi vasitəsilə daxili korporativ səviyyədə artıq iki min yerli kart buraxılıb. Məmmədovun dediyi kimi, Visa International və MasterCard ödəniş sistemləri ilə əməkdaşlıq Azərbaycanın poçt rabitəsi operatoruna beynəlxalq səviyyədə xidmətlər göstərməyə imkan verəcək.

"Azərpoçt" MMC 2010-cu ilin ortalarından əhaliyə maliyyə xidmətləri göstərməyə başlayıb. Operatora yeddi maliyyə xidmətindən beşini göstərməyə icazə verilib. Onlara hesabların açılması və idarə olunması, pul köçürmələrinin həyata keçirilməsi, debit kartların emissiyası, müştərilərin sifarişi ilə valyutaların alqı-satqı əməliyyatları, nağd və digər qiymətli vəsaitlərin inkassasiyası daxiladir. Bu il daha iki əlavə xidmətin - depozitlərin qəbulu və kredit kartlarının emissiyası - göstərilməsi məsələsinə baxılacaq.

Məmmədovun sözlərinə görə, operator bank xidmətlərini avtomatlaşdırılmış korporativ-informasiya sistemləri vasitəsilə göstərir ki, ona artıq poçt rabitəsinin 700 şöbə və filialı qoşulub. İlin birinci yarısının sonunadək korporativ sistemə bütün respublikada yerləşən 1200 filial və poçt rabitə şöbəsi qoşulacaq.

Azərbaycanın bank bazarına daxil olmaqla "Azərpoçt" bank bazarının oyunçularına ciddi rəqabət təşkil edəcək. Bu gün Azərbaycanın bank sektorunda 44 bank fəaliyyət göstərir. Onların filial şəbəkəsi 644 bankı birləşdirir. Halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-ü keçir.

Xəbər lenti

Xəbər lenti