Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir H.Vəliyev/
"Kiçik Sahibkarlığın İnkişafı və Stimullaşdırılması" İctimai Birliyi sentyabrda sizinmarket.az elektron ticarət sisteminin yenilənməsini başa çatdıracaq. Bu barədə Trend-ə çərşənbə axşamı birliyin rəhbəri Aqil Babayev deyib.
Babayevin sözlərinə görə, işləri Azərbaycanın "Terrasoft" İT şirkəti aparır. Bu şirkət proqram təminatının hazırlanması ilə məşğul olur.
"Bu istiqamətdə işlər artıq ilin birinci yarısında başa çatdırılmalı idi, lakin layihənin kifayət qədər maliyyələşdirilməməsi və bəzi texniki problemlər səbəbindən nəzərdə tutulan müddətə başa çatmadı", - o bildirib.
Reklam meydançasının yenilənməsini və tərəfdaşlıq proqramına bəzi dəyişikliklərin edilməsini nəzərdə tutan işlər AzNET seqmentində əməkdaşlığın yeni növüdür. Bu zaman tərəfdaş (insan və ya onun proqramda qeydiyyata alınan veb-resursu) mal və ya xidmət satıcısı ilə alıcı arasında vasitəçi kimi çıxış edir, göstərdiyi vasitəçiliyə görə isə komisyon haqq alır. Sizinmarket.az elektron ticarət layihəsi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə start götürüb.
Layihənin əsas məqsədləri sahibkarlara dəstək, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, yerli və xarici şirkətlərin virtual nümayəndəliklərinin yaradılması, regionların sosial inkişafına, elektron kommersiyanın inkişafına dəstək və s.-dir.
İB-nin gələcək planlarına portalın mobil versiyasının yaradılması da daxildir.