...

Azərbaycanda ilk dəfə 3G mobil təhsil layihəsi təqdim edilib (FOTO)

Telekommunikasiya Materials 23 Sentyabr 2011 14:36 (UTC +04:00)
"Azerfon" mobil operatoru təhsildə 3G texnologiyası əsasında hazırlanan mobil təhsil layihəsini təqdim edib.
Azərbaycanda ilk dəfə 3G mobil təhsil layihəsi  təqdim edilib (FOTO)

Azərbaycan,Bakı, 23 sentyabr /Trend/

22-23 sentyabr tarixlərində Bakıda keçirilən Tətbiqi Mexanika və Müasir İnformasiya Texnologiyaları üzrə beynəlxalq simpoziumda iştirak edən "Azerfon" mobil operatoru təhsildə 3G texnologiyası əsasında hazırlanan mobil təhsil layihəsini təqdim edib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Beynəlxalq simpozium Rabitə və İnformasiya Texnogiyaları Nazirliyi, Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Odlar Yurdu Universiteti, Türkiyənin Süleyman Dəmirəl Universiteti və Almaniyanın Karlsrue Texnologiya İnstitutunun təşkilatçılığı və "Azerfon" mobil operatorunun dəstəyi ilə keçirilir.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev müasir informasiya texnologiyalarının ölkəmizdə inkişafı, təhsil və elmdə tətbiqinin vacibliyini vurğulanıb. Simpoziumda "Azerfon" şirkəti ilə Odlar Yurdu Universiteti arasında Azərbaycanda ilk mobil təhsil layihəsinin təşkilinə dair memorandum da imzalanıb.

Memorandumun imzalanmasından sonra "Azerfon" mobil operatorunun baş icraçı direktoru Yurgen Pitz mobil təhsil layihəsinin tətbiqinin Azərbaycanda müasir təhsilin inkişafında yeni hadisə olduğunu qeyd edib. "Azərbaycanın ilk 3G operatoru olan "Azerfon" şirkəti ən son mobil texnologiyaları artıq ölkənin sosial inkişafına, xüsusən də təhsilin müasirləşməsinə yönəldir. Müasir təhsil və tədris sürətli məlumat mübadiləsi olmadan mümkün deyil. "Azerfon" isə 2009-cu ildən Azərbaycanda 3G texnologiyası əsasında sürətli mobil internet xidmətləri uğurla tətbiq edir. Bu gün "Azerfon"un sürətli məlumat ötürülməsi xidmətlərindən 200 mindən artıq insan müntəzəm olaraq istifadə edir. Bu gün imzaladığımız memorandum isə Odlar Yurdu Universitetində Azərbaycanda ilk dəfə olaraq mobil təhsil təcrübəsinin əsasını qoyur", - Pitz qeyd edib.

İki gün davam edəcək beynəlxalq simpozium Avropa və ABŞ-ın mötəbər təhsil müəssisələrinin elm nümayəndələrinin geniş iştirakı ilə Odlar Yurdu Universiteti və Milli Aviasiya Akademiyasında keçiriləcək. Simpozium zamanı elmdə və cəmiyyətin digər sahələrində müasir informasiya texnologiyalarının tətbiqi, bu sahədə yeniliklər və inkişaf perspektivləri haqqında maraqlı təqdimatlar dinlənilib.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. "Azerfon" şəbəkəsi hazırda Azərbaycanın 80 faizini əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti