...

KATV1 HD yayımını işə salmağa hazırdır

Telekommunikasiya Materials 13 Oktyabr 2011 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

KATV1 kabel televiziya operatoru HD formatlı kanalların kommersiya əsasında yayımına başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Şirkət HD yayım üçün lazımi texniki işləri və sınaq yayımlarını uğurla həyata keçirib. Yaxın vaxtlarda abunəçilərə HD kanallardan ibarət xüsusi paket təqdim olunacaq. Bu paketə qoşulmaq üçün abunəçilər 60 manat dəyərində HD qəbuledici (resiver), yaxud 33 manat dəyərində CAM modul əldə etməlidirlər. SD qəbulediciləri (resiver) olan abunəçilər bu resiverləri müəyyən əlavə məbləğ ödəməklə HD qəbuledicilərlə əvəz edə bilərlər. Geri qaytarılan SD qəbuledicilərin dəyəri istismar müddətinə uyğun hesablanacaq.

Tam komplektdə (buraya qəbuledicinin qutusu, istifadə qaydaları olan kitabça, rəngli izahat vərəqəsi, idarəetmə pultu, iki ədəd batareya, RCA, yaxud "zambaq" kabel daxildir) "KATV1 SD" qəbuledicilər (resiverlər) aşağıdakı formul üzrə qiymətləndiriləcək:

- 6 aya qədər istismarda olan SD qəbuledicilər (resiverlər) - 35 manat;

- 6 aydan 12 aya qədər istismarda olan SD qəbuledicilər (resiverlər) - 30 manat;

- 12 aydan 18 aya qədər istismarda olan SD qəbuledicilər (resiverlər) - 25 manat;

- 18 aydan 24 aya və daha çox istismarda olan SD qəbuledicilər (resiverlər) 20 manat dəyərində qiymətləndiriləcək.

HD qəbuledicilər (resiverlər) keyfiyyətli görüntü və səs xüsusiyyətlərindən əlavə, digər üstünlüklərə də malikdir. Buraya Time Shift funksiyası, videogörüntünün USB yaddaş vasitəsinə yazılması imkanı və s. daxildir. Bundan əlavə, HD qəbuledicilərdən tam həcmli multimedia pleyer kimi də istifadə etmək olar.

Bundan əlavə, şirkət abonentlərə CAM modullar da təqdim edir. CAM modullardan rəqəmsal kabel tyunerləri və DVB çıxışı ilə təchiz olunmuş televizorlara sahib olan abonentlər istifadə edə bilərlər. CAM modul sahibləri kanalları həm SD, həm də HD formatda izləyə bilərlər.

HDTV (yuksək keyfiyyətli görüntü) dünyada televiziyanın inkişafında yeni mərhələdir. Əgər adi televizorlar təsviri 720x576 piksel nisbətində izləməyə imkan verirdisə, HD TV-də bu nisbət 1920x1080 pikseldir. Bir sözlə, HDTV-də təsvir 5 qat daha artıqdır, bu da o deməkdir ki, görüntülər beş qat daha dəqiqdir.

Xəbər lenti

Xəbər lenti