...

Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm sərgisi keçirilib

Telekommunikasiya Materials 7 Mart 2012 17:07 (UTC +04:00)
"Bakcell" şirkətinin dəstəyi ilə Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan) xüsusi qayğıya ehtiyacı olan uşaqların "8 martdır, anacan" adlı rəsm sərgisini təşkil edib.
Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm sərgisi keçirilib

Azərbaycan, Bakı, 7 mart /Trend/

"Bakcell" şirkətinin dəstəyi ilə Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan) xüsusi qayğıya ehtiyacı olan uşaqların "8 martdır, anacan" adlı rəsm sərgisini təşkil edib.

Trend-in məlumatına görə, Beynəlxalq Qadınlar Gününə həsr edilmiş sərgidə uşaqlar həmçinin canlı olaraq rəsm çəkib istedadlarını nümayiş etdiriblər.

Rəsm sərgisi Bakcell-in Korporativ Sosial Proqramının dəstəyi ilə UAFA tərəfindən həyata keçirilən "Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması" layihəsinin komponentlərindən biridir. Layihə çərçivəsində ünsiyyət problemli uşaqlara rəsm, eyni zamanda, rəqs, foto, tikiş, idman dərsləri keçilir, onlara öz fikir və təxəyyüllərini bu yolla ifadə etmək imkanı verilir. Artıq iki ildir ki, bu dərnəklərə qatılan uşaqların ünsiyyət bacarıqlarında ciddi inkişaf nəzərə çarpır.

Xatırladaq ki, ötən il layihənin bir ilinin yekununda Bakcell Stars-ın dəstəyi və xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə "Əlvan arzularım" adlı möhtəşəm konsert proqramı təşkil edilib. Bakcell-in keçirdiyi SMS-kampaniya nəticəsində əldə olunan ianələr yenidən layihəyə yönəldilib. Bunun sayəsində ilk olaraq UAFA-nın Yasamal Ailə Dəstək Mərkəzində icra olunan layihə sonradan Xaçmaz və Gəncə icma əsaslı reabilitasiya mərkəzlərini də əhatə edib. Hazırda 200-ə yaxın əlilliyi olan uşaq bu proqramdan faydalanır.

Dərnəklərə qatılan uşaqlar indiyə kimi bir neçə respublika səviyyəli müsabiqənin qalibi olublar.

Layihəyə cəlb olunan psixoloqlar cəmiyyətdən təcrid olunmuş bu uşaqlara psixoloji yardım göstərir, həmçinin layihənin fəaliyyətində yaxından iştirak edən valideyn birliyi üzvlərinə dəstək olublar. Artıq Ailə Dəstək Mərkəzinin xidmətlərindən istifadə edən hər bir xüsusi qayğıya ehtiyacı olan uşağın psixoloji pasportu var.

Xəbər lenti

Xəbər lenti