...

Gürcüstanın elektron xəritəsi Azərbaycanın onlayn-naviqatoruna daxil edilib

Telekommunikasiya Materials 11 Aprel 2012 15:39 (UTC +04:00)
Azərbaycanın GoMap.az onlayn-naviqatoruna Gürcüstanın da elektron xəritəsi daxil edilib.
Gürcüstanın elektron xəritəsi Azərbaycanın onlayn-naviqatoruna daxil edilib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın GoMap.az onlayn-naviqatoruna Gürcüstanın da elektron xəritəsi daxil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü SİNAM şirkətinin yaydığı məlumatda deyilir.

Gürcüstan ərazisini də əhatə edən genişləndirilmiş GoMap.az elektron xəritəsi 12-14 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək XI Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" Sərgisində rəsmi şəkildə təqdim ediləcək.

Genişləndirilmiş GoMap.az xəritəsi hər iki ölkənin vətəndaşlarına və qonaqlara Azərbaycan və Gürcüstan ərazisində vahid marşrut yaradaraq mədəni, tarixi obyektlərə ən rahat şəkildə çatmağa imkan verəcək. Xəritə genişləndikdən sonra Gürcüstanın turizm zonalarına baş çəkmək daha asan olacaq, xüsusən də avtomobil həvəskarları üçün, çunki avtomobil yollarının daxil edilməsi zamanı bütün yol nişanları və yol hərəkət qaydaları nəzərə alınıb.

Bu günə kimi Gürcüstanın elektron xəritəsinə 22,1 min obyekt (POI), 8,8 min kilometr avtomobil yolları, 3,1 min yaşayış məntəqəsi, 15,3 min km2 meşə və yaşıllıq massivləri, həmçinin 570 km2 su resursları (çaylar, göllər, daxili sular) daxil edilib.

GoMap.az-ın əhatə dairəsinin genişləndirilməsi sözügedən servisin faydasını Azərbaycan və Gürcüstan istifadəçiləri, həmçinin bu ölkələrə səfər edən turistlər üçün dəfələrlə artırmağa imkan verəcək. Genişləndirilmiş xəritə Azərbaycan və Gürcüstan xalqlarının daha sıx inteqrasiyasına imkan verəcək, həmçinin ölkələr arasında turist axınlarını gücləndirəcək. İki ölkənin elektron xəritələrinin inteqrasiyası Gürcüstandan turist axınını stimullaşdıracaq. Turistlər xəritə vasitəsilə Azərbaycanın mədəni və tarixi obyektlərinə, həmçinin ölkəmizin turizm zonalarına baş çəkə biləcəklər.

Qeyd etmək lazımdır ki, GoMap.az xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında "bulud" texnologiyaları bazasında bu günə kimi yaradılmış ilk resurslardan biridir. Hazırda GoMap.az servisləri "bulud" texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.

Azərbaycanda GoMap.az 70 şəhəri, 4 530 yaşayış məntəqəsini, 3 300 mədəni-tarixi abidəni, 670 000 bina və tikililəri, 47 000 km yolu (yol hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 770 km meşə və yaşıllıq sahələrini və s. məlumatları əharə edir. Elektron xəritə 3D rendering formatında göstərilə bilər. Mədəni-tarixi abidələrin şəkilləri və təsvirləri də elektron xəritədə yerləşdirilib. Faydalı xidmətlərin sayı (istifadəçilər üçün onlayn ödənişlər daxil olmaqla) nəzərəçarpan dərəcədə artırılıb.

Hazırda saytda obyektlərin panorama şəkillərini (3600) izləmək imkanı da mövcuddur. Elektron xəritə üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərir və digər oxşar sistemlərlə (məsələn, Google Satellite) inteqrasiya edilib.

Xəbər lenti

Xəbər lenti