Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi MMC” (Baktelecom) Bakı şəhəri və ətraf ərazilərdə telefon, genişzolaqlı internet və digər multimedia xidmətlərinin beynəlxalq standartlarla təşkili istiqamətində irimiqyaslı infrastruktur layihələrini davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Baktelecom” “Strateji Yol Xəritəsi”nə əsaslanaraq yüksəksürətli, genişzolaqlı telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi və tətbiqi istiqamətində “Evədək optika” layihəsinin əhatə dairəsini mərhələli şəkildə genişləndirir.
Artıq Biləcəri qəsəbəsində də yenidənqurma işlərinin icrasına başlanılıb. Qəsəbədəki köhnə və yeni tikililərdə olan mənzillərdə telekommunikasiya xətlərinin yenilənməsinə və müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənməsinə start verilib.
Məlumat üçün bildirək ki, Bakı şəhəri üzrə 60 minə yaxın mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, sakinlər bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətləri ilə təmin olunublar. Hazırda paytaxtın mərkəzi küçələrində yerləşən yaşayış binaları ilə yanaşı, əhalinin sıx məskunlaşdığı Yasamal, Xətai və Nizami rayonlarında, eləcə də Qaradağ və Suraxanı rayonlarında da mənzillərin optik şəbəkəyə keçirilməsi prosesi aparılır.
Qeyd edək ki, layihə fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir.