...

“Hökumət buludu”na keçid dövlət qurumlarını İT kapital xərclərindən tamamilə, istismar xərclərindən isə 50%-dək azad edəcək - TƏHLİL

Telekommunikasiya Materials 30 İyun 2022 12:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 718 nömrəli fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hökumət buludu” layihəsi həyata keçirir.

Layihənin məqsədi dövlət informasiya sistemlərinin istismarına, infrastrukturunun qurulmasına və standartlarının formalaşdırılmasına, habelə dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılmasına, dövlət qurumları üçün mərkəzləşdirilmiş infrastrukturun yaradılmasına, həmçinin təhlükəsizliyin təmin edilməsinə nail olmaqdır.

“Hökumət buludu” layihəsinin keyfiyyətli və effektiv icrası məqsədilə bir sıra qabaqcıl ölkələrin, o cümlədən ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, İrlandiya və Estoniyanın təcrübəsi öyrənilir. ABŞ-ın “Federal Bulud Strategiyası” bu ölkədə İT istismar xərclərinə 25% qənaət etməyə imkan verib. Bəzi ölkələrdə “Hökumət buludu” konsepsiyası vasitəsilə bu xərcləri 50%-dək azaltmaq mümkün olub.

Dövlət qurumlarının informasiya sistemlərinin vahid data mərkəzlərində toplanılması bu qurumların təkcə istismar xərclərini azaltmır, kapital xərclərini sıfıra endirir. Belə ki, “Tier II”, “Tier III” beynəlxalq uyğunluq sertifikatlarına cavab verən data mərkəzinin qurulmasına milyonlarla manat kapital tələb olunur. Bu kapitalın bir dəfə sərf olunması yetərli deyil, informasiya sistemlərinin işləkliyinin təmin olunması üçün mütəmadi olaraq infrastrukturun yenilənməsi tələb olunur. Əlbəttə ki, bu da kapital xərclərinin həcmini artırır.

Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Hökumət buludu”na keçid planına əsasən informasiya sistemlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”un Data Mərkəzinə tam miqrasiya olunan ilk dövlət qurumu oldu. Hazırda digər bir neçə dövlət qurumunun informasiya sistemlərinin miqrasiyası davam edir.

Beynəlxalq Məlumat Korporasiyasının (IDC – International Data Corporation) proqnozlarına əsasən, 2022-ci ildə dünya üzrə İT infrastrukturu xərcləri 55,7 milyard ABŞ dollarına çatacaq. Bu o deməkdir ki, fərdi data mərkəzi quran təşkilatların, o cümlədən dövlət qurumlarının kapital və istismar xərcləri də təxminən 11% artacaq. Belə olan halda “Hökumət buludu” layihəsinin əhəmiyyəti daha da artır və qurumların, xüsusilə dövlət qurumlarının vahid platformaya inteqrasiyasını daha da aktual edir.

Xərclərin artması bulud xidmətlərinə tələbatın azalmasına səbəb olmayıb, əksinə, maraq getdikcə artmaqdadır. “Forbes” jurnalının nəşr etdiyi məqalədə qeyd olunur ki, 2021-ci ildə şirkətlərin buluda inteqrasiyası heyrətamiz səviyyədə yüksəlib. Şirkətlərin iş yüklərinin təxminən 83%-nin buludda saxlanıldığı bildirilir. “Skyhigh” araşdırma mərkəzinin hesabatına görə, orta hesabla bir işçi gündə 30-dan çox bulud əsaslı xidmətdən istifadə edir. Bu da bulud hesablama tətbiqlərinin sayının artmasına səbəb olur. Bulud hesablama tətbiqlərinin sayı 2013-cü ildən bəri təxminən üç dəfə artaraq 545-dən 1427 müxtəlif xidmətə çatıb.

Cədvəl 1: Bulud hesablama tətbiqlərinin sayı

Bulud əsaslı xidmətlərə tələbatın yüksəlməsi ilə bu sahənin daha da inkişaf edəcəyi proqnozlaşdırılır. Bu proqnoz bulud xidmətlərindən əldə edilən gəlirlərin artım tempi və yatırımların səviyyəsinin yüksəlməsi əsasında formalaşıb. Nüfuzlu araşdırma mərkəzlərindən olan “Gartner”in məlumatına görə, ictimai bulud sənayesindən əldə edilən gəlirin 2018-ci ildəki 175 milyard ABŞ dollarından 2022-ci ildə 331 milyard ABŞ dollarına qədər artacağı gözlənilir. “IDC”-nin ötən ilə dair hesabatında qeyd olunur ki, dünya üzrə bulud hesablamaları üçün istehsal sahələri 20 milyard ABŞ dolları, peşəkar xidmətlər 18 milyard ABŞ dolları, bank sektoru isə 16 milyard ABŞ dolları yatırım edib.

Cədvəl 2: Ictimai bulud sənayesində əldə edilən gəlir

Cədvəl 3: Bulud hesablamaları üçün yatırılan investisiya

Bütün bu statistikalar, rəqəmlər göstərir ki, bulud xidmətlərinin önəmi getdikcə yüksələcək və bu amil ölkəmizdə bulud xidmətləri ilə əlaqədar məsələləri, xüsusilə “Hökumət buludu” layihəsinin aktuallığını artıracaq.

Məlumat üçün bildirək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, Bakı və Yevlaxda “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) sahibdir.

Ölkəmizin regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində aparılan ardıcıl islahatlarda önəmli rol oynayan qurumun Əlçatanlıq zonaları üzərindən “Hökumət həlləri” ilə yanaşı, “AZCLOUD” bulud və “AZCLOUD Enterprise” xidmətləri də göstərilir.

“AzInTelecom” MMC-nin təqdim etdiyi bulud xidmətlərinin göstərildiyi müxtəlif data mərkəzlərini əhatə edən təcrid edilmiş infrastrukturlar vasitəsilə bizneslər öz maraqlarına müvafiq olaraq son istehlakçıya yaxınlıq, replikasiya, gecikmə və ya məlumatların qorunması xidmətlərindən faydalana bilərlər.

Xəbər lenti

Xəbər lenti