...

Laboratoriyalarda yaradılan innovativ layihələr “PAŞA Holding”in aktivlərinə inteqrasiya olunacaq - Cəlal Qasımov

Telekommunikasiya Materials 11 Oktyabr 2024 16:54 (UTC +04:00)
Laboratoriyalarda yaradılan innovativ layihələr “PAŞA Holding”in aktivlərinə inteqrasiya olunacaq - Cəlal Qasımov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Laboratoriyalarda yaradılan innovativ layihələr və rəqəmsal həllər “PAŞA Holding”in aktivlərinə inteqrasiya olunacaq.

Trend xəbər verir ki, bu barədə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov Bakıda "PAŞA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

C.Qasımov bildirib ki, bu yaxınlarda “PAŞA Holding”in strukturunda rəqəmsal və innovativ laboratoriyaların rolunu müəyyən etməyə yönəlmiş müzakirələr keçirilib.

“Qərara alınıb ki, laboratoriyalarda yaradılan innovativ layihələr və rəqəmsal həllər şirkətin aktivlərinə inteqrasiya olunmalı və onların istifadəsinin effektivliyini artırmalıdır. Əsas vəzifələrdən biri yaradılan məhsulların yalnız bazarın aktual tələblərinə cavab verməsi deyil, eyni zamanda, müştəri gözləntilərini qarşılaması, sektorda lider mövqeləri qorumağa kömək etməsidir.

Əgər şirkət yüksək göstəricilər nümayiş etdirirsə, bu, prosesin bütün iştirakçılarının zəhmətinin nəticəsidir. Biz gələcəkdə hansı addımları atmalı və hansı məhsulları formalaşdırmalı olduğumuzu anlamalıyıq. Əvvəlki layihələrin təcrübəsini nəzərə aldıq və belə bir nəticəyə gəldik ki, innovativ həllərin vahid mərkəz çərçivəsində yaradılması onların aktivlərimizə daha effektiv şəkildə inteqrasiya olunmasına və bazardakı mövqelərimizi gücləndirməyə kömək edəcək”, - o vurğulayıb.

Baş icraçı direktor şirkət üçün çevik və proaktiv olmağın, dəyişikliklərə uyğunlaşmağı bacarmağın və müştərilərinin fikrini nəzərə almağın vacib olduğuna diqqət çəkib.

“Biz mütəmadi olaraq sorğular və araşdırmalar keçiririk ki, həllərimizin bazar tərəfindən necə qarşılandığını başa düşək, bu məlumatlar əsasında inkişaf strategiyamızı müəyyən edək. Geri dönüş şirkətin gələcək fəaliyyət istiqamətlərini müəyyən etmək üçün önəmlidir”, - baş icraçı direktor qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti