...

"Microsoft" "Windows XP"nin Azərbaycanda lokallaşdırılmasının başa çatdığını elan edib

Telekommunikasiya Materials 8 İyun 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Babayeva/ İyunun 8-də "Microsoft" korporasiyasının Azərbaycan nümayəndəliyi "Microsoft Windows XP" əməliyyat sisteminin Azərbaycan dilinə lokallaşdırılmasının başa çatmasını elan edib.

Cümə günü məhsulun təqdimatı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Respublikasının Prezident Aparatının informasiya resursları şöbəsinin müdiri Elmira Vəlizadə, "AZEL" şirkətinin prezidenti (layihənin icraçısı) İqor Yakovenko, "Microsoft"un Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Çaykovskinin və layihənin işçi qrupunun nümayəndələrinin iştirakı ilə keçirilib.

Azərbaycan üçün "MS Windows XP" əməliyyat sisteminin lokallaşdırılması layihəsinə "Microsoft" korporasiyası tərəfindən təşəbbüs göstərilib və maliyyələşdirilib.

"Bizim üçün vacib olan məhsullarımızın bütün istifadəçilər üçün əlçatan olmasıdır" - deyə Çaykovski qeyd edib.

Lokallaşdırma layihəsinə "MS Windows XP" əməliyyat sistemi üzrə terminoloji lüğətin Azərbaycan dilində hazırlanması daxildir.

İlk öncə "AZEL" tərəfindən terminlərin (7 min sözdən çox) ilkin tərcüməsi hazırlanıb və "Microsoft"a təqdim olunub. Sonra qlossarinin ictimai müzakirəsi keçirilib. Bu prosesdə müzakirələrin 152 iştirakçısından 5600 təklif daxil olub. Lüğətin sonuncu versiyası Redmondda hazırlayanlar tərəfindən təqdim olunub.

Yakovenkonun sözlərinə görə, Azərbaycan dilinə tərcümə olunmuş sözlərin ümumi sayı 375 min, cümlə və ifadələr isə 44 min təşkil edir. Xüsusi Language Interface Pack (LIP) paketi yaradılıb.

"Microsoft"un Azərbaycan nümayəndələrinin sözlərinə görə, paketin yüklənməsində maraqlı hal ondan ibarətdir ki, sistemi yükləməzdən öncə, kompüterdə proqram təminatı avtomatik olaraq testdən keçiriləcək. "Əgər sistem proqram təminatının lisenziyalı olmadığını aşkar edərsə, yüklənmə mümkün olmayacaq" - deyə o bildirib.

Sistem baza üstünə yüklənə bilər. Bu zaman istifadəçilərin bəzi sözlərin tərcüməsinin olmamasını aşkar etməsi ehtimalı böyükdür. Belə ki, onlar sistemin özünün quraşdırıldığı dildə (ingilis və rus) göstəriləcək. Buna baxmayaraq, korporasiyada hesab edirlər ki, əsas terminlər lokallaşdırılıb.

Rabitə naziri Abbasovun fikrincə, "Microsoft" layihəsi xarici dilləri bilməyən bir çox istifadəçilərə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti