Bakı. İlhamə İsabalayeva - Trend:
Biz postpandemiya dövründə rəqabətə daha da hazır olmaq üçün rəqəmsallaşma istiqamətində yeni turizm məhsullarının yaradılmasını istəyirik.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, artıq sentybarın 8-dən gəlmə turizmlə məşğul olan turizm şirkətləri Azərbaycan və onun turizm imkanları haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrini Dövlət Turizm Agentliyinə təqdim edə bilərlər.
Bu layihənin Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birlikdə həyata keçirildiyini deyən K.Quluzadə qeyd edib ki, postpandemiya dövründə Azərbaycan turizminin rəqabət qabiliyyətinin artırılması əsas məqsədlərdəndir:
“Bu layihələr postpandemiya dövrü üçün nəzərdə tutulacaq. Postpandemiya dövründə fərqli turizm şəraiti olacaq. İnsanların həm psixoloji durumu fərqlənəcək, həm onların səyahətlərdən çəkinməsi halları olacaq, həm də təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcəklər. Turizmi inkişaf etdirən ölkələr bu sahəni daha da gücləndirəcəklər. Biz bu rəqabətə daha da hazır olmaq üçün rəqəmsallaşdırma istiqamətində yeni turizm məhsullarının yaradılmasını istəyirik. Gəlmə turizmlə məşğul olan turizm şirkətlərinin bizə təqdim edəcəkləri layihələr hesabına turizmdə rəqabət qabiliyyətini artırmağı nəzərdə tuturuq”.
Getmə-gəlmə turizminin bərpası üçün yolların araşdırıldığını deyən K.Quluzadə qeyd edib ki, hazırda sərhədlər bağlı olduğundan gəlmə turizmlə məşğul olan şirkətlərə ölkəyə turist gətriməyə icazə verilmir.