Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin çərşənbə günü imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb.
Trend-in məlumatına görə, əfv sərəncamı əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 87 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərdən 79-u cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər isə cərimə cəzasından azad edilib.
Qeyd edək ki, əfv olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərov və Taleh Xasməmmədov, müxalifətçi Şahin Həsənov da var.
Bundan başqa, əfv olunanlar sırasında İran, Türkiyə, Gürcüstan, Nigeriya və Banqladeş vətəndaşları da var.
Əfv sərəncamının icrasında Ombudsman aparatının, ictimaiyyət, media nümayəndələri iştirak edirlər.
Trend-in məlumatına görə, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov 4 saylı qadın məhkumların cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası zamanı çıxışında deyib ki, əfv sərəncamının imzalanması Prezidentin həmin şəxslərin ailələrinə etimadıdır.
"Ümid edirik ki, əfv olunanlar yenidən cinayət törətməyəcəklər", - Əlixanov bildirib.
Hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə isə çıxışında deyib ki, son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində humanist qərarlar qəbul olunub. Sonuncu əfv sərəncamı da bu humanist qərarların tərkib hissəsidir.
Qənizadə çıxışında qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə kifayət qədər dəyişikliklər edilib. Bu yaxınlarda qanunvericiliyə edilən dəyişikliyə görə, məhkumların telefon danışıqlarının və görüşlərin sayı artırıldı.
"Məhkumların şəraitinin yaxşılaşdırılması ilə bağlı yeni təkliflər də var, mütəmadi olaraq bununla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək", - Qənizadə əlavə edib.
4 saylı qadın məhkumların cəzaçəkmə müəssisəsində əfv sərəncamına əsasən bir qadın əfv edilib.
Penitensiar Xidmətin Müalicə Müəssisəsində 4 məhkum da əfv olunub. Bunlardan biri də jurnalist Aydın Caniyevdir. Əfv sərəncamının icrası zamanı bildirilib ki, indiyədək əfv sərəncamı ilə 5 530 məhkum azad olunub.