Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu
İranın 70 faiz gəlirini təşkil edən qara qızıl ölkədə keçiriləcək prezident seçkilərində namizədlərin xalqa ünvanladıqları bəyanatların "qafiyəsinə" çevrilib. Bəs debatların sonunda kim bu "qafiyəni" uduzacaq?
İranın hazırkı Prezidenti 2005-ci il prezident seçkilərində vəd vermişdi ki, neft gəlirləri xalqın sosial yaşayış səviyyəsinin yüksəldilməsinə xərclənəcək. 2008-ci ildə neftin bir bareli 157 dollara yüksəlib. Bunun nəticəsində də son dörd ildə yalnız neftdən 244 milyard dollar (neft məhsullarını hesab etməsək) gəlir əldə olunub. Tənqidçilərin fikrincə, bu "əfsanəvi gəlirlər" Əhmədinejadın səhv iqtisadi siyasəti nəticəsində tamamilə boş yerə sərf olunub. Əhmədinejad son dörd ildə neft gəlirlərini kredit və digər vasitələrlə bazara idxal etməklə, bazarda olan pulun həcmini ikiqat (İranın "Economic" qəzetinin may ayındakı sonuncu məlumatına əsasən) artırıb, bu isə inflyasiyanın 25 faizə çatması ilə nəticələnib.
Lakin Əhmədinejad hələ də neft pulları ilə bağlı şüarlarını dayandırmayıb. Mayın 19-da İran Prezidenti "mafiyanın əlinin neft gəlirlərindən kəsilməsi" və "neft gəlirləri hesabına adambaşına hər ay 80 dollar veriləcəyini" bildirib.
Prezidentliyə digər namizəd Mehdi Kərrubi, 2005-ci il prezident seçkilərdə neft gəlirlərinin xalqın rifahı naminə xərclənməsi barədə vəd vermişdi. Hazırda Kərrubi Əhmədinejadı onun fikirlərini imitasiya etdiyi üçün ittiham edir.
Prezidentliyə digər namizəd Mir Hüseyn Musəvi (Hossein Mousavi) keçən həftə Əhmədinejadı kəskin tənqid edərək və "ölkəyə son dörd ildə neft satışından daxil olan 300 milyard dollar həcmində vəsaitin itməsindən" təəccübləndiyini bildirərək, hakimiyyətin bu məbləğdə pulu hara xərcləndiyini açıqlamaqdan boyun qaçırdığını bəyan edib.
Neft gəlirlərinin dördillik uğursuz sınağı Əhmədinejadın "Axilles dabanıdırmi"?
Ekspertlər dəfələrlə Əhmədinejadın uğursuz iqtisadi planlarını tənqid atəşinə tutsa da, İran xalqının böyük əksəriyyəti informasiyanı tamamilə hakimiyyətin nəzarəti altında olan TV vasitəsilə alır. Əhmədinejad bir il bundan əvvəldən enerji sahəsində subsidiyaların ləğvi və eyni zamanda əhaliyə adambaşına ayda 60 dolların verilməsi ilə bağlı layihəsini parlamentə təqdim edib və parlament bu layihənin ölkədə inflyasiya yaradacığını bildirərək təsdiq etməyib. Əhmədinejad bununla bağlı özünə bəraət qazandıra bilər. Milli Medianın rəhbəri İzzətullah Zərğami çərşənbə axşamı prezidentliyə namizədlər arasında (Əhmədinejad da olmaqla) televiziyada depat aparacağını bildirib. Deməli, Əhmədinejadın özünü müdafiə etməsi üçün yetərincə arqumenti var və debatdan çəkinmir.
Fikrimcə, neft gəlirlərinin birbaşa xalqa verilməsi vədi reallığa uyğun deyil. Birincisi, bu, inflyasiyanın artması ilə nəticələnə bilər, digər tərəfdən cari ildə neftin qiyməti artmasa, parlamentdə təsdiq olunmuş dövlət büdcəsində səkkiz milyard dollar həcmində çatışmazlıq yaranacaq. Belə olan halda neft gəlirlərinin xalq arasında bölüşdürülməsinə ümid etmək olmaz.