Türkiyə, Eskişehir, 22 dekabr /Trend, müxbir İ.İsabalayeva/
"Türkvizyon" Mahnı Müsabiqəsinin keçirilməsi türk dünyasında yeni istedadlı gənclərin üzə çıxarılmasına imkan verəcək. Bunu Trend-ə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Onun sözlərinə görə, bu müsabiqə yeni bir meydandır: "Çox şadıq ki, Azərbaycan müsabiqədə ilk yerə layiq görüldü. Bu, bizim qələbəmizdir. Mən hər kəsi təbrik edirəm. Hesab edirəm ki, bu müsabiqə öz məqsədinə nail olacaq. Hətta deyərdim ki, artıq nail olur."
İ.Babayev hesab edir ki, bu müsabiqənin gənclərə mənəvi təsir göstərmək baxımından da xüsusi əhəmiyyəti var. Müsabiqə gənclərə türk dünyasinin mədəniyyət i ilə tanış olmaq imkanı verir.
Qeyd edək ki, Türk dünyasının ilk və yeganə musiqi yarışması olan "Türkvizyon" Mahnı Yarışmasının qalibi Azərbaycan (210 bal) olub.