...

İtaliya səfiri: 10 il əvvəl "Əli və Nino"nu oxuyarkən onların hekayəsinin başladığı İçərişəhərdə yaşayacağımı ağlıma gətirməzdim

Nəzər nöqtəsi Materials 8 May 2017 16:01 (UTC +04:00)
2013-cü ildən etibarən səfir qismində İtaliya və Azərbaycan arasında ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq çərçivəsində yüksəldiyinin və dərinləşdiyinin şahidi olmuşam.
İtaliya səfiri: 10 il əvvəl "Əli və Nino"nu oxuyarkən onların hekayəsinin başladığı İçərişəhərdə yaşayacağımı ağlıma gətirməzdim

Bakı. Anaxanım Hidayətova - Trend:

2013-cü ildən etibarən səfir qismində İtaliya və Azərbaycan arasında ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq çərçivəsində yüksəldiyinin və dərinləşdiyinin şahidi olmuşam.

Trend-in məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillo İtaliya - Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə verdiyi açıqlamasında deyib.

Azərbaycandakı diplomatik missiyasının başa çatmaq üzrə olduğunu deyən səfir bildirib ki, Azərbaycan xalqının hər sahədə İtaliyanı sevdiyini, İtaliyaya qarşı təbii və xoş münasibətinin şahidi olmaqdan məmnundur: "İtaliyaya məxsus həyat tərzi, italyan məhsulları, kinodan musiqiyə, idmandan memarlığa və dizayna qədər sahələri əhatə edən italyan mədəniyyəti burada artan diqqətə sahibdir. Azərbaycanda İtaliyaya qarşı hər hansı bir fikir yalnız müsbət mənada, mədəniyyət və gözəl zövqün vətəni kimi heyranlıqdan ibarətdir”

Diplomat bildirib ki, Bak təmiz, dinamik, zərif, təhlükəsiz və daim inkişafda olan şəhər kimi ona və ailəsinə bu illərdə xoş təəssüratlar və zövq bəxş edib: “Mənim Azərbaycanla əlaqələrim təxminən 10 il bundan öncə tamamilə təsadüfi şəkildə "Əli və Nino" əsəri ilə tanışlığımla başladı. Bildiyiniz kimi əsərin müəllifi Qurban Səidə (Əsəd bəy) həsr edilmiş islam üslublu ayparadan ibarət məzarı bugün Pozitano şəhərində yerləşir. Həmin zamanlarda əsərin hər səhifəsini maraqla oxuyarkən, bir gün mənim Əli ilə Ninonun hekayəsinin başladığı, Bakının orta əsrə aid mərkəzində - İçərişəhərdə yaşayacağım heç ağlıma gəlməzdi".

Səfirin sözlərinə görə, o bu illər ərzində İçərişəhərin bir zamanlar dəvə karvanlarının keçdiyi küçələrini dəfələrlə və böyük məmnuniyyətlə yenidən kəşf edib: “Bura indi özümün və əzizlərimin dünyası hesab etdiyim Əlinin dünyasıdır”.

Səfirin sözlərinə görə, Qədim Bakı o zamandan bəri çox dəyişməyib: “İtaliya səfirliyinin də yerləşdiyi dolaşıq küçələrdən ibarət qədim mərkəzdən səliqəli bulvara doğru şəhərin müasir hissəsinə keçid çox qısadır. Həmin bulvarın quruluşuna əsaslanaraq ötən əsrin 70-ci illərində mənim anadan olduğum Neapol şəhəri ilə Bakı şəhərinin qardaşlaşması baş tutmuş və 1992-ci ildə - mən hələ tələbə ikən - Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra İtaliya ilə diplomatik münasibətlərini bərpa etmişdi. “Bərpa etmişdi” ifadəsini işlətməyimin səbəbi əslində Roma İmperiyası, İpək yolu, Genuya və Venesiya Dəniz Respublikaları, Şah İsmayıl və əsrlər boyu davam etmiş diplomatik, ticari, mədəni əlaqələri xatırlamaqla İtaliya ilə Azərbaycanı birləşdirən münasibətlərin qədimliyinə əsaslanmağımdır”.

Səfirin sözlərinə görə, Azərbaycan kimi min illik sivilizasiya və müxtəlif mədəniyyətlərin qovşağında olarkən, dünyanı Rusiya və ABŞ, Ermənistan və Türkiyə, İran və İsrail, Avropa və İslam dünyası kimi filtrlərdən keçirərək dərk etməyə çalışmalısan: "Bir başa səthi nəticələrə və Qərbdə bu ölkə haqqında təəssüf ki, hələ də tarazlaşdırılmamış düşüncələrə malik olmamaq üçün tarixi və coğrafi faktları nəzərə almaqla dərk etmək lazımdır. Hamımız bilirik ki, dünyada qüsursuz heç bir şey yoxdur, bugünki Azərbaycanda da vətəndaş cəmiyyətinin daha həqiqi inkişafı üçün tənqidi məqamlar və geniş imkanlar mövcuddur. Buna baxmayaraq intellektual vicdan ölkənin yola çıxdığı zamanı (1991-ci ildə, eləcə də ötən onillik və əsrlərdə olduğu kimi), o zamandan bəri qazanılan inkişafı, eləcə də ölkənin gələcəyə baxışını nəzərə almağı unutmamalıdır. Şübhəsiz ki, həmin zamandan etibarən Azərbaycan uzun yol qət edibvə öz gələcək yolu haqqında aydın düşüncəyə malikdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti