...

Deputat: Prezidentlərin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir

Nəzər nöqtəsi Materials 2 Noyabr 2017 11:43 (UTC +04:00)
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir.
Deputat: Prezidentlərin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, Tehranda keçirilmiş budəfəki görüşün əhəmiyyəti onunla bağlıdır ki, dövlət başçıları üçtərəfli əməkdaşlıq formatına sadiq qaldıqlarını nümayiş etdirdilər: “Görüşdə bundan sonra da üçtərəfli formatda müxtəlif istiqamətlərdə, o cümlədən enerji, təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafı ilə bağlı konkret mövqelər ortaya qoyuldu”.

Deputatın fikrincə, eyni zamanda, görüşün ən mühüm iqtisadi əhəmiyyəti isə ondan ibarət idi ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu üç ölkə ilə xüsusilə bağlıdır: “Yüklər Pakistandan İrana, İrandan Azərbaycana, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Avropaya daşınacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin ən mühüm birləşdirici ölkələri Azərbaycan, Rusiya və İrandır. Azərbaycan paytaxtında keçirilən ilk görüşdə bu üçtərəfli əməkdaşlığın əsası qoyuldu və İranda bu əməkdaşlıq daha da genişləndirildi”.

E.Nəsirov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ardınca Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı atılmış bu addım hər üç dövlətin Avropa ilə Asiya arasında nəqliyyat daşımalarında rolunu və çəkisini daha da gücləndirir:

“Hesab edirəm ki, bu görüş təkcə üçtərəfli deyil, ikitərəfli əlaqələr baxımından da əhəmiyyətlidir. Belə ki, Azərbaycan dövlət başçısının həm Rusiya, həm də İran prezidenti ilə ikitərəfli görüşləri keçirildi və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıldı, ortaq mövqelər ortaya qoyuldu. Belə görüşlərin keçirilməsi regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir”.

Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti