...

Tahir Mirkişili: "Cənub Qaz Dəhlizi" regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir edəcək

Nəzər nöqtəsi Materials 30 May 2018 15:23 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsi regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.
Tahir Mirkişili: "Cənub Qaz Dəhlizi" regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir edəcək

Bakı. Samir Əli - Trend:

"Cənub Qaz Dəhlizi" layihəsi regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi dünyanın ən böyük qaz ixracı layihələrindən biridir. Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi əhəmiyyət daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində və rəqabətli qiymət əldə etməkdə həyati əhəmiyyət kəsb edir:

"Çünki məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Türkiyə ərazisindən keçən TANAP layihəsinin də növbəti ay işə düşəcəyi gözlənilir. O cümlədən qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə artıq Avropa bazarlarına çatıdırılması nəzərdə tutulur. Layihə elə planlaşdırılıb ki, boru kəmərləri sonradan öz ixrac həcmini iki dəfəyə yaxın artıra biləcəklər".

T.Mirkişili qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi vasitəsilə ilkin olaraq 16 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur:

"Daha sonra isə boru kəmərləri ilə ixrac olunan qazın həcminin illik 30 milyard kubmetrə çatdırılması planlaşdırılır. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı proqnozlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir. Düşünürəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla tamamlanması Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm dövlət başçısının siyasi nüfuzunun, həm də Azərbaycan və Avropa İttifaqı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında yüksək əməkdaşlığın bariz nümunəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti