...

Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək

Nəzər nöqtəsi Materials 14 Dekabr 2018 15:03 (UTC +04:00)
Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək.
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək. Bunu Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini və Prezident İlham Əliyevlə görüşünü şərh edərkən deyib.

B.Quliyev qeyd edib ki, Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir, Qafqazda, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə, digər qlobal məsələlərin həllinə birgə töhfələr verir. Məhz bu faktorlar - iki ölkənin rəhbərlikləri arasında əlaqələrin yüksək səviyyədə olması bu kimi mühüm əməkdaşlığın inkişafına böyük impuls verir:

“Əbəs deyil ki, Sergey Lavrov səfəri çərçivəsində dövlətimizin başçısı cənab İlham Əliyevlə görüşü əsnasında ölkələrimiz arasındakı əməkdaşlığı strateji olaraq qiymətləndirib və Azərbaycanla Rusiyanın ikitərəfli əlaqələrinin tükənməz potensialından çox istifadə edilməli olduğunu vurğulayıb. Ümumiyyətlə, son bir neçə ildə, xüsusilə 2018-ci ildə Azərbaycan-Rusiya münasibətləri istər davamlığı, istərsə də məhsuldarlığı baxımından diqqəti cəlb edir”.

Ekspertin sözlərinə görə, Azərbaycan dövlətinin regionda və dünyada sərgilədiyi siyasi və balanslaşdırılmış mövqe Rusiyanın ali siyasi dairələrində çox yüksək qiymətləndirilir.

B.Quliyev bir müddət öncə Sankt-Peterburqda baş tutmuş MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi zirvə toplantısında Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi xüsusi diqqəti xatırladıb və bildirib ki, bunun üçün bir çox əsaslar mövcuddur: “Belə ki, Azərbaycan dövləti ticari-iqtisadi və regionlararası əməkdaşlıq məsələlərində kifayət qədər fəallıq göstərir, o cümlədən, münbit təşəbbüslərlə çıxış edir. Azərbaycan və Rusiya yalnız siyasətdə deyil, həmçinin dil, təhsil, mədəniyyət və humanitar siyasət baxımından birgə səylər nümayiş etdirirlər. Əlbəttə ki, bütün bunlar ilk növbədə strateji yaxınlaşmanın və gələcəyə hesablanmış növbəti uğurlu addımların məntiqi göstəricisidir”.

S.Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq yeni mərhələdə və daha aktiv şəkildə fəaliyyət göstərəcəyi fikrini də xatırladan ekspert hesab edir ki, bütün bunlar Rusiya tərəfinin münaqişənin həlli üçün maraqlı olduğunu, habelə Azərbaycanın ədalətli mövqeyini bölüşdüyünü isbatlayan amillərdəndir: “Əbəs deyil ki, Lavrov 2019-cu ildə münaqişənin həlli üçün yeni mərhələlərə keçid ediləcəyinə işarə edib və buna ümidvar olduğunu vurğulayıb. Eyni zamanda, dövlət başçımız da 2019-cu ilin nizamlanma prosesinə yeni impuls verəcəyini vurğulayıb”.

Baş redaktor Prezident İlham Əliyevin S.Lavrovla görüşündə irəli sürdüyü fikirlərin kifayət qədər önəm daşıdığını deyib və bildirib ki, ölkələrimiz nəinki ikitərəfli əməkdaşlıqda, o cümlədən beynəlxalq strukturlarda da fəal, qarşılıqlı əməkdaşlıq edirlər: “Cənab İlham Əliyev Şimal-Cənub dəhlizinin yaradılması və s. məsələlərlə bağlı ölkələrimiz arasında mövcud olan fəaliyyətdən məmnunluq duyduğunu xüsusilə qeyd edib və inanırıq ki, bu fəaliyyət həm Azərbaycana, həm də Rusiyaya öz səmərəli effektini verir və bundan sonra da verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti