Bakı. İlhamə İsabalayeva – Trend:
Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyası da ümummilli liderin növbəti hakimiyyətə gəlişi ilə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində bəziləri Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi Akademiyanı bağlamaq istəyirdi: "Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Akademiya, eyni zamanda milli intellektual potensial məhv olmaqdan qurtula bildi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra uzaq düşən, xaricə üz tutan alimlərimiz tədricən geri qayıtmağa başladılar. Elmlər Akademiyasının fəaliyyətində canlanma, yeni istiqamətlər müəyyənləşdi".
A.Əlizadə qeyd edib ki, Heydər Əliyev sovet idarəçilik məktəbi sistemində yetişmiş olsa da, onun siyasi təfəkkürü öz genezisini tipoloji olaraq məhz cümhuriyyətçilikdən və azərbaycançılıqdan götürüb: "Sonrakı illərdə SSRİ-nin tərkibində, olduqca mürəkkəb bir sosial-siyasi şəraitdə milli dövlətçilik ənənələri Heydər Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ona görə də onun bir siyasi xadim və şəxsiyyət kimi dəyərləndirilməsində XX əsr boyu azərbaycançılıq konteksti, hökmən, əsas götürülməlidir".
AMEA prezidenti vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının XX əsrdəki inkişafını sosioloji olaraq modelləşdirməyə nail olub: "Yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyətində və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərir, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü. Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verirdi. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanması idi. Onun Azərbaycan elminə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanır".
Akademik əlavə edib ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi gündən ömrünün son anınadək elmin inkişafı ilə bağlı həyata keçirdiyi siyasəti məhz dərin bir konseptual əsasa dayanaraq, bəşəriyyətin sosial tərəqqi tendensiyalarını dərindən dərk edərək və Azərbaycanın inkişafını ona uyğunlaşdıraraq həyata keçirirdi: “Çox az adam bilir ki, Azərbaycan alimlərinin SSRİ-nin kosmik və hərbi-sənaye proqramlarında uğurlu iştirakı Heydər Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqətdən irəli gəlirdi. O vaxtlar siyasi dairələrdə, eləcə də Sovet İttifaqında Heydər Əliyev beynəlxalq miqyasda nüfuzlu dövlət xadimi kimi tanınırdı. Heydər Əliyevin rəhbərliyi və bilavasitə qayğısı nəticəsində həyata keçirilirdi. Heydər Əliyevin həyata keçirdiyi həmin uzaqgörən siyasət bu gün də müstəqil Azərbaycan Respublikasının iqtisadi, elmi və hərbi potensialının əsasını təşkil edir. Ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində ulu öndərin yetişdirdiyi kadrlar bu gün də uğurla fəaliyyət göstərirlər".