Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/
İkinci yarımfinalda ingilis dilində "Stay" ("Qal") mahnısı ilə çıxış edəcək Norveçin "Eurovision 2012" təmsilçisi Tooji Trend-ə müsahibə verib.
- Tooji, bəziləri düşünür ki, siz Azərbaycan əsillisiniz.
- Xeyr, mən Azərbaycan əsilli deyiləm, lakin ilk baxışdan sevdiyim Azərbaycana ürəkdən bağlıyam. Ölkəniz çox xoşuma gəldi, burada özümü evdəki kimi hiss edirəm və gələcəkdə mütləq bir daha gələcəyəm. Hətta Səbinə Babayeva ilə duet və bir Azərbaycan kompoziyası yazmağı planlaşdırıram.
- Bakı nə ilə yaddaşınızda qaldı?
- Azərbaycan mətbəxi haqqında çox eşitmişdim, lakin burada ilk dəfə onun dadına baxdım. Bu, qeyri-adi daddır. Xüsusən, bizi böyük istiqanlılıq və gülərüzlə qarşılayan insanlarınız xoşuma gəldi. Siz çox qonaqpərvər və mehriban xalqsınız, öz ölkənizi çox sevirsiniz. Sizin gözəl paytaxtınız var, hər şey çiçəklərlə, qədim arxitektura və müasir binalarla əhatə olunub. Gecə isə parlaq rənglərə çevrilən Alov qüllələrinin gözəl görüntüsü olur.
- Kimi "Eurovision 2012"-nin favoriti görürsünüz?
- Favoritlərim Kipr və İsveç təmsilçiləridir. Burada əsası odur ki, iştirakçıların gözəl "Bakı Kristal Zalı"nda özlərinin ən yaxşı keyfiyyətlərini və mahnı nömrələrini göstərmələri üçün hər cür şərait var. Söz verirəm, əgər müsabiqənin qalibi olsam, sevincimi Bakı küçələrində bölüşəcəyəm. Uğur qazanacağıma inanıram. Mən bu "Eurovision"un qalibi olacağam.