...

Səbinə Babayeva:"Eurovision" Azərbaycana Avropaya ürəyini açmağa imkan verəcək

Eurovision-2012 Materials 23 May 2012 13:39 (UTC +04:00)
Azərbaycan ümid edir ki, "Eurovision" mahnı müsabiqəsi Azərbaycana "öz ürəyini Avropaya açmaq" imkanı verəcək.
Səbinə Babayeva:"Eurovision" Azərbaycana Avropaya ürəyini açmağa imkan verəcək

Azərbaycan, Bakı, 23 may / Trend, müxbir E.Tariverdiyeva /

Azərbaycan ümid edir ki, "Eurovision" mahnı müsabiqəsi Azərbaycana "öz ürəyini Avropaya açmaq" imkanı verəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın müsabiqədəki təmsilçisi Səbinə Babayeva Almaniyanın "Spiegel" jurnalına müsahibəsində deyib.

Jurnal yazır ki, 32 yaşlı müğənninin real həyatı onun mahnısında təsvir olunduğu kimi, o qədər də qəmgin görünmür, o, həyatsevər və nikbindir.

"2008-ci ildə "Eurovision"da ilk iştirakımızdan bəri biz bu müsabiqənin Azərbaycanda keçirilməsini arzu etmişik. Mən bunun nəhayət baş verməsindən çox qürur duyuram. Bu, bizə öz ürəyimizi bütün Avropaya açmaq imkanı verir", - Babayeva deyib.

Müğənninin sözlərinə görə, hər şeydən əvvəl Avropadan gələn qonaqlar Bakının dünyada ən gözəl şəhərlərdən biri olduğunu görməlidirlər. İkincisi, əgər onlar heç vaxt Azərbaycanda olmayıblarsa, onlar əsl qonaqpərvərliyin nə olduğunu bilmirlər.
"Və, üçüncüsü, onlar mənim konsertimi buraxa bilməyəcəklər!", - Babayeva deyib.

Jurnal yazır ki, bu, həqiqətdir ki, heç kim bu fürsəti əldən qaçırmaq istrəmir. Doğma şəhərdə və qonşu dövlətlərdə müğənninin səhnə geyimi ilə bağlı çoxlu müzakirələr gedir. Səbinənin özü isə hesab edir ki, onun səhnə kostyumu qarşıdakı şou üçün mühüm əhəmiyyət kəsb edir.

"Bu, böyük məsuliyyətdir, amma mən mayın 26-da oxumaq hüququm olduğu üçün göyün yeddinci qatındayam", - o deyib.

Jurnal yazır ki, həqiqətən də, 9 milyonluq əhalisi olan kiçik ölkənin müsabiqədə qısa, lakin uğurlu təcrübəsi təsirlidir.

"Spiegel" qeyd edir ki, Azərbaycan "Eurovision"da cəmi dörd dəfə iştirak edib, lakin hərə dəfə birinci onluqda yer alıb.
"Azərbaycan Belqradda səkkizinci, Moskvada üçüncü, Osloda beşinci yeri tutub, nəhayət, ötən il Drüsseldorfda qalib adını qazanıb", - jurnal yazır.

Babayeva Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil etmək üçün milli seçimlərdə əvvəllər də iştirak edib. Lakin yalnız bu il istəyinə çatıb. Onun sözlərinə görə, bu, ona böyük məmnunluq hissi bəxş edib.

Bakıda pianoçu ailəsində doğulan Səbinə musiqi məktəbində oxuyub, daha sonra hüquq təhsili alıb. O cazı sevir və qonşu Gürcüstanı müsabiqədə təmsil edən Anri Cohadze ilə çoxdan dostluq edir.

"O mənim çox xoşuma gəlir, biz bir-birimizi çoxdan tanıyırıq və müxtəlif festivallarda birgə iştirak etmişik", - Babayeva deyib.

Əvvəllər Səbinə Litvada və Azərbaycanda keçirilən müsabiqələrdə qalib gəlib. O habelə Azərbaycanın "Röya kimi" serialına saundtrek yazıb. Jurnalın yazdığına görə, onun Facebook-da 27 minə yaxın pərəstişkarı var.

"Avropalıların əksəriyyəti ölkəmiz haqqında çox az bilirlər, adətlərimiz və mədəniyyətimiz haqqında düzgün təsəvvürə malik deyillər. Mən bunu dəyişmək üçün əlimdən gələn hər şeyi edirəm", - o deyib.

Xəbər lenti

Xəbər lenti