...

Gündəlikdə Azərbaycan torpaqlarını qaytara biləcək prinsipial təkliflər dayanır - ATƏT-in Minsk qrupunun həmsədri

Dünya xəbərləri Materials 17 Mart 2008 02:49 (UTC +04:00)
Gündəlikdə Azərbaycan torpaqlarını qaytara biləcək prinsipial təkliflər dayanır - ATƏT-in Minsk qrupunun həmsədri

Mən Kosovo presedenti ilə Dağlıq Qarabağda baş verən hadisələr arasında əlaqəni görmürəm. Ümumiyyətlə kiminsə burada əlaqəni görməsi əhəmiyyətli deyil. Bununla əlaqədar xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə, biz Qarabağın statusunu danışıqlara uyğun olan mövzu sayırıq. Eyni zamanda hər iki tərəfi hərbi əməliyyatların dayandırılması haqda razılaşmanı gözləməyə çağırırıq. Bunu "Amerikanın səsi"nə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza deyib.

Brayza həmçinin atəşkəs rejiminin pozulmasına görə ciddi narahatlığını ifadə edib. "Bu hadisələr zamanı Azərbaycan və Ermənistan hərbi bölmələri arasında ciddi toqquşmalar olub. Biz əmin olmaq istəyirik ki, status-kvo bərpa ediləcək. Hər iki tərəf üçün gərginliyi azaltmaq vacibdir. Heç kim baş verən faciəvi hadisələrdən siyasi fayda götürməməlidir", - deyə o bildirib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2008-ci ilin martın 4-də səhər atəşkəs rejimini pozublar. Bunun nəticəsində cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbçisini itirib, 15 əsgər isə yaralanıb.

Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub.

Amerikalı diplomat ATƏT-in Minsk qrupunun irəli sürdüyü proqramlar arasında konseptual fərqlərin mövcudluğuna dair fikrini də açıqlayıb. "Şübhəsiz ki, 10 il əvvəl irəli sürülən proqramla indi təklif olunan proqram arasında böyük fərq var. ATƏT-in Minsk qrupu konkret təklifləri hazırlamaq üçün hələ belə intensiv fəaliyyət göstərməyib. Ona görə də hazırkı proqramla öncəki proqramı müqayisə etmək üçün əsas yoxdur. O vaxtdan çox irəli getmişik. Gündəlikdə Azərbaycan torpaqlarını qaytara biləcək prinsipial təkliflər dayanır. Buraya Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi məsələlər daxildir. Yəni bütün bu məqamlar bölgənin inkişafına təsir göstərəcək sülh müqaviləsinin əsasını təşkil edəcək. Odur ki, gündəlikdə həyata keçirilməsi tələb olunan unikal və əsas prinsiplər dayanır", - deyə o vurğulayıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib.

1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti