...

Tehranda keçiriləcək EKO sammitində yeddi ölkənin prezidentləri iştirak edəcəklər

Dünya xəbərləri Materials 7 Mart 2009 13:46 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehranda keçiriləck EKO - İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan və İraqın prezidentləri, Qətərin əmiri iştirak edəcək. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"EKO sammitində ticarət, yük daşınmaları və enerji məsələləri müzakirə olunacaq", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi şənbə günü jurnalistlərə bildirib.

Qəşqavi əlavə edib ki, martın 7-8-də EKO-ya üzv ölkələrin xarici işlər nazirləri müavinlərinin, martın 9-10-da xarici işlər nazirlərinin və martın 11-də isə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti keçiriləcək.

Qəşqavi bildirib ki, iclasda yük və sərnişin daşınmaları üzrə Almatı-Daşkənd-Tehran-İstanbul və Almatı-Bəndər-Abbas dəmiryolu reyslərinin açılması layihəsi müzakirə olunacaq.

İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Azərbaycan EKO-ya rəsmi olaraq 1993-cü ildə qəbul olunub. Həmin ildə Mərkəzi Asiya ölkələri də təşkilata üzv olub. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.

Xəbər lenti

Xəbər lenti