...

Ankaranın Qarabağ münaqişəsinə münasibətdə heç bir dəyişiklik yoxdur - Türkiyə XİN rəhbərinin müavini

Dünya xəbərləri Materials 15 Mart 2009 00:56 (UTC +04:00)

ABŞ-la Türkiyə Qafqaz da daxil olmaqla, bir çox məsələlərdə ortaq hədəfləri bölüşürlər. Bunu Türkiyə xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycanda sabiq səfiri olmuş Əhməd Ünal Çeviköz "Amerikanın Səsi"nin türk xidmətinə verdiyi müsahibəsində deyib.
Çeviköz bu həftə Vaşinqtonda ABŞ yetkililəri ilə yüksək səviyyəli təmaslar aparıb.
Türk-erməni münasibətlərinə toxunan iyənin diplomat bildirib ki, bu istiqamətdə bəzi hazırlıqlar var və bu hazırlıqlar hər iki ölkənin xarici işlər nazirlərinin dəstəyi ilə yaxınlarda həyata keçiriləcək.
Çeviköz həmçinin Ankara-Yerevan münasibətlərinə Azərbaycanın sərgilədiyi münasibəti şərh edib.
"Azərbaycan bölgədəki yaxın qonşumuz kimi, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasını yaxından izləyir. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında hələ də həllini tapmamış Qarabağ münaqişəsi var. Azərbaycanın bu prosesləri yaxından izləməsi çox təbiidir. Lakin, Azərbaycanın hər hansı narahatlığına və şübhəsinə ehtiyac yoxdur. Bu günə kimi olduğu kimi, bundan sonra da Türkyiənin Qarabağ probleminə münasibəti olduğu kimi davam edəcək və bunda heç bir dəyişiklik yoxdur. Əlbəttə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslər bir-birinə paralel şəkildə aparılır" - deyə o vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.
Türkiyəli diplomat ölkəsinin regiondakı münaqişələrin həllində vasitəçi yox, asanlaşdırıcı rol oynadığını bildirib.

Xəbər lenti

Xəbər lenti