Fransa, Strasburq, 30 sentyabr/ Trend , müxbir A.Məhərrəmli/
İlk dəfədir ki, Türkiyə, türklər belə bir şans əldə edib. Bu fikirləri çərşənbə günü Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu jurnalistlərə Avropa Demokrat qrupundan AŞ PA sədrliyinə namizəd seçilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
"Bildiyiniz kimi, iki il öncə əldə edilən prosedur və yazılı anlaşmaya görə 2010-cu ildə AŞ PA prezidentliyi Avropa Demokrat qrupundan seçilməlidir. Biz də bu qrupun üzvüyük və bu qrupda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov olmaqla, dörd Azərbaycan nümayəndəsi də var. Biz zaman-zaman burada fəal işləyirik. İstər öz aramızdakı münasibətlər və birliyimizlə, istərsə də hadisələr qarşısındakı fəaliyyətimizlə və gördüyümüz işlərlə ön planda oluruq"-deyə Çavuşoğlu bildirib.
O. qeyd edib ki, sədrlik məsələsi ortaya çıxdığı zaman öz aramızda, eləcə də Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla və digər dostlarımızla məsləhətləşmələr apardıq və mənim AŞ PA prezidentliyinə namizədliyimin irəli sürülməsi qərarına gəldik. Bu məsələ ilə bağlı əlbəttə ki, Türkiyədə Baş nazir, nazirlərimiz və dostlarımızla müzakirələr apardıq. Belə bir qərarı öncədən planlaşdırmışdıq. Bu işi son bir ayda daha da gücləndirdik və AŞ PA-nın Parisdə keçirilən iclasında bir daha Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə müzakirə etdik və o zaman Azərbaycan tərəfinin bu məsələyə tam dəstək verdiyinin şahidi oldum. Bundan başqa, Türkiyə prezidenti daxil olmaqla, Baş nazirimiz, nazirlərıimiz, eləcə də Türkiyə Böyük Millət Məclisinin sədri də bizə dəstək verdi. Bununla da, biz kampaniyaya başladıq və sonda da qrupda bu seçkiləri qazandıq. İnşallah, AŞ PA sədrliyini də qazanacağıq.
"Bu bizim üçün böyük şansdır. İlk dəfədir ki,Türkiyə, türklər belə bir şans əldə edir. Dolayısı ilə, buna qısqanclıq hissi ilə yanaşanlar oldu, amma bunu təqdir edənlər də oldu. Əlbəttə, burada üzülənlər də olub, ancaq bu demokratik bir seçimdir və demokratiyaya inanırıqsa, sondakı nəticələr hamı tərəfindən qəbul edilməlidir"-deyə o, əlavə edib.
Türkiyəli deputat onu da əlavə edib ki, əvvəlki seçimlərdə səlahiyyət müddəti üç il idi. Sonra bunu iki ilə endirdilər və bu razılaşma bütün daxili prosedur qaydalarında əksini tapıb. Səlahiyyət müddətinin dəyişdirilməsi halları olur. 2009-cu ildə bunun şahidi olduq. Bu cür hallar olur. Siyasi qrup liderlərinin centlement sazişi və yazılı anlaşmasından sonra səlahiyyət müddətinin iki il olacağına qərar verildi. Daxili prosedur qaydaları da məhz bu razılaşmadan irəli gələrək işləməkdədir. Bu qaydaların, yazılı anlaşmanın hər zaman dəyişdirilməsi AŞ-nin nüfuzuna xələl gətirir. Sabah AŞ PA-da prezidentin səlahiyyətlərinin üç ilə qaldırılması ilə bağlı məsələyə dair də müzakirələr aparılacaq. Amma bu sadəcə bir hesabatdır. Hesabatda üç il deyilməsi ilə bu iş avtomatik həll olunmur. AŞ PA-nın müvafiq komitələri buna razılıq verməlidir, lakin oyun vaxtı qaydaları dəyişmək və ya yeni qaydalar tətbiq etmək düzgün deyil. Qaydaları oyundan əvvəl dəyişmək lazımdır. Buna təkcə bizim qrup deyil, eləcə də digər siyasi qruplar da öz etirazlarını bildirir.
Yeni sədr Avropa Demokratlar qrupundan seçilərsə, o, AŞ PA-da ədalətli davranmaq, ikili standartların olmaması, bütün ölkələrə eyni şəkildə münasibət göstərilməsinin çox önəmli olduğunu vurğulayıb.
"AŞ PA-da ədalətli davranmaq, ikili standartların olmaması, bütün ölkələrə eyni şəkildə münasibət göstərilməsi çox vacibdir. Eyni zamanda, AŞ-nin dəyərlərinin çox yaxşı şəkildə anlatmaq və təbliğinə çalışmaq lazımdır. Hal-hazırda mənə görə ən böyük əksiklik AŞ daxilindəki qurumlar arasında,eləcə də AŞ ilə üzv ölkələr və digər beynəlxalq təşkilatlar arasında dialoqun olmamasıdır. Bizim AŞ-nin imicini, nüfüzunu yüksəltməmiz vacibdir.AŞ daha görünəkli olmalıdır. Buna ehtiyacımız var. Bundan başqa, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa, ittifaqa çox böyük önəm verməliyik və zamanında bu istiqamətdə çalışacağıq"-deyə Çavuşoğlu bildirib.