Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/
BMT-nin Baş katibi Beynəlxalq mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizlənmə fəaliyyətinə yardım günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.
BMT-nin Azərbaycan nümayəndəliyindən Trend-ə daxil olan müraciətdə Baş katib Pan Gi Mun qeyd edib ki, bu iş bir çox istiqamətdə ayıq-sayıqlıq, cidd-cəhd və kollektiv fəaliyyət tələb edir.
"Gəlin uşaqlarımızın mina və partlayıcı qurğuların yaratdığı təhlükədən azad bir planetdə yaşamaları üçün özümüzü bir daha bu xilasetmə əməliyyatlarına həsr edək", - deyə müraciətdə vurğulanır.
Pan Gi Mun qeyd edir ki, mina və müharibə dövründən qalmış partlayıcı qurğular dəhşətli hadisələrə səbəb olmaqda davam edir. Bu qurbanına fərq qoymayan silahlar ağır yaralanma və ölümlərə səbəb olur, münaqişədən sonra ərazidə yenidənqurma işlərini ləngidir, ətraf mühitə zərər vurur, hətta münaqişələrin sona çatmasından xeyli vaxt keçsə belə, sosial-iqtisadi inkişaf fəaliyyətlərinə mane olurlar.
Baş katbin sözlərinə görə, son iki onillikdə BMT-nin minalardan təmizləmə fəaliyyətinə yardımı 60-dan çox ölkə və ərazini əhatə edib.
BMT-nin minalardan təmizləmə fəaliyyəti Minaların Qadağan Olunması Haqqında Konvensiya, müharibə dövründən qalmış partlayıcı qurğular haqqında 5-ci Protokol və 1 avqust 2010-cu ildə qüvvəyə minəcək Kaset Hərbi Sursatları Haqqında Konvensiya da daxil olmaqla, müvafiq beynəlxalq hüquqi sənədlərin təbliğini də özündə ehtiva edir.
4 aprel Beynəlxalq mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizlənmə fəaliyyətinə yardım günüdür.