...

İran Rusiyanı Buşəhr nüvə stansiyasının açılışını gecikdirməməyə çağırıb

Dünya xəbərləri Materials 6 Aprel 2010 13:05 (UTC +04:00)

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, Rusiya Buşəhr nüvə stansiyasının açılışında maneə yaradarsa, bu, Rusiya üçün yaxşı olmayacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

"Rusiya öncədən bildirib ki, texniki problemlər aradan qaldırılır və yaxın vaxtlarda Buşəhr nüvə stansiyası istifadəyə veriləcək. Çoxlu gecikmələr İran xalqında məyusluq yaradarsa, bu, Rusiya üçün yaxşı olmaz", - deyə Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib. Rusiyanın Buşəhr nüvə stansiyasının yazda işə salınacağına söz verməsinə baxmayaraq, bu stansiyanın yayın axırlarında istifadəyə veriləcəyinə dair bəyanatına o, münasibət bildirib.

Mehmanpərəstin sözlərinə görə, İran ölkədə yeni nüvə stansiyaları tikmək niyyətindədir və o  ölkələr ki verdikləri vədləri yerinə yetirirlər, bu stansiyaların tikilməsində üstünlük əldə edəcəklər.

"Hələlik İran xalqı bu nəticəyə gəlməyib ki, Rusiya Buşəhr nüvə stansiyasının istifadəyə verilməsində maneə yaradır, əlbəttə gecikmələr olub və bu gecikmələrin bəziləri texniki səbəblərdəndir", - deyə Mehmanpərəst sözünə davam edib.

Buşəhr nüvə stansiyasının tikilməsi üçün İran və Rusiya arasında müqavilə 1995-ci ildə Tehranda imzalanıb. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. Buşəhr nüvə stansiyasında işlər 1999-cu il yanvar ayının 8-nə kimi tamamlanmalı idi. Amma 10 il keçməsinə baxmayaraq, bu nüvə stansiyası hələ də fəaliyyətə başlamayıb. Buşəhr nüvə stansiyasının tikintisini Rusiyanın "Atom İstroy Eksport" şirkəti aparır.

Xəbər lenti

Xəbər lenti