...

Uranın xaricə göndərilməsi İranın nüvə silahı istehsal etməməsinə zəmanət vermir - ekspertlər

Dünya xəbərləri Materials 19 May 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir D.Xatınoğlu/

Ekspertlərin fikrincə, İran 1200 kq uran ehtiyatının Türkiyəyə göndərilməsinə razılıq versə də, bu addım rəsmi Tehranın nüvə silahı istehsal etməməsinə zəmanət vermir.

Glazqo Universitetinin İran əsilli professoru Rza Təqizadə (Reza Taghizadeh) Trend-ə telefonla Londondan bildirib ki, 2009-cu ilin oktyabrında Vyana şəhərində İran və "5+1 ölkələri" razılıq əldə etmişdilər ki, İran 75 faiz zəif dərəcədə zənginləşdirilmiş uranı ölkədən çıxarsın, əvəzinə Tehran nüvə laboratoriyası üçün 20 faizlik uran yanacağını təhvil alsın. Hazırda İranın uran ehtiyatının əvvəlkindən daha çox olmasına baxmayaraq, İranın "sarı tort" (Yellow Cake) ehtiyatı tükənməkdədir. Deməli, İran xaricə göndərdiyi uran ehtiyatının yerini doldurmağa çətinlik çəkəcək.

Mayın 17-də İran və Türkiyə arasında 1200 kiloqram az zənginləşdirilmiş uranın Türkiyə ərazisində mübadiləsi haqqında saziş imzalanıb. Oktyabr ayında İranın zəif dərəcəli uran (3,5%) ehtiyatı 1500 kq təşkil etsə də, hazırda bu rəqəm 2100 kq-dır. Ekspertlərin fikrincə, İran 2100 kq 3,5 faizlik uranı 90 faizədək zənginləşdirərsə, 2-3 nüvə başlığı istehsal etməyə qadir olacaq.

Təqizadənin fikrincə, İranın 1200 kq zəif dərəcəli uran istehsal etmək üçün "sarı tort" ehtiyatı olmaq şərtilə, ən azı 2-3 il zamana ehtiyacı var. Onun sözlərinə görə, İranın uranın zənginləşdirilməsi planının sürəti texniki problemlərə görə diqqətçəkici dərəcədə azalıb və "sarı tort" ehtiyatı tükənməkdədir.

İranın nüvə proqramını izləyən Vaşinqtonun Beynəlxalq Təhlükəsizlik və Elmi Araşdırmalar İnstitutu (ISIS) 2009-cu ildə yaydığı məruzədə bildirib ki, İranın xam uran ehtiyatının (70-ci illərdə Cənubi Afrikadan aldığı 530 ton "sarı tort") əksər hissəsi uran qazına (UF6) çevrilərək Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarətindədir. Məruzəyə əsasən, İranın uran mədənlərinin ehtiyatı çox azdır və uran daşı istehsalı yox səviyyəsindədir.

Uran tozu, yaxud "sarı tort" xam uran daşının təmizlənmiş tozudur. Bu tozdan uran qazı (Uran Heqza Folorayd) istehsal edilərək sentrifuqlarda zənginləşdirilir.

Təqizadənin fikirləri ilə razı olmayan rusiyalı ekspert Vladimir Yevseyev Trend-ə elektron poçt vasitəsilə bildirib ki, İran 1200 kq uran ehtiyatını xaricə göndərsə də, nüvə silahı istehsalı üçün yetərincə uran ehtiyatı var və heç kim İranın nüvə silahı istehsal edə bilməyəcəyinə zəmanət verə bilməz. Yevseyevin fikrincə, İran 1200 kq uranı xaricə göndərsə də, qalan nüvə ehtiyatının zənginləşdirilməsini davam etdirərək 2-3 nüvə başlığı istehsal edə bilər.

Hər iki ekspertin fikrincə, İranın uran ehtiyatının bir qisminin ölkədən çıxarılması bu ölkənin Qərb ilə müzakirələrinə start verməlidir və Qərb İrana daha çox təzyiq göstərməlidir ki, uranın zənginləşdirilməsi prosesini dayandırsın, əks halda, İranın nüvə proqramı ilə bağlı problemlər olduğu kimi qalacaq.

Qərb İranı nüvə silahı istehsalına cəhd göstərməkdə ittiham edir, İran isə bunu rədd edir. İndiyədək BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı üç iqtisadi sanksiya tətbiq edib. Hazırda 4-cü sanksiya müzakirə olunur.

Ağ Evin sözçüsü Robert Gibbs İranın Türkiyəyə uran ehtiyatının bir qismini göndərəcəyi ilə bağlı qərarına müsbət münasibət bildirsə də, İrana qarşı yeni sanksiyaların tətbiqi üzrə müzakirələrin davam etdirilməsini tələb edib.

Məqalənin hazırlanmasında T.Konyayeva iştirak edib.

Xəbər lenti

Xəbər lenti