...

Gürcü hərbçiləri Əfqanıstanda beynəlxalq komandanlıq tərəfindən verilən tapşırıqları şərəflə yerinə yetirirlər – müdafiə naziri

Dünya xəbərləri Materials 15 İyun 2010 15:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcü hərbçiləri Əfqanıstanda beynəlxalq hərbi kontingent komandanlığı tərəfindən onların üzərinə qoyulan tapşırıqları şərəflə yerinə yetirirlər. Bu barədə gürcü jurnalistlərə Əfqanıstanda yoxlama səfərində olan Gürcüstanın müdafiə naziri Baço Axalaya deyib.

Axalayanı səfərdə Gürcüstan Baş nazirinin müavini Giorgi Baramidze, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Tarqamadze, Gürcüstanın NATO-dakı səfiri Qriqol Mqaloblişvili müşayiət edirlər. Gürcüstan nümayəndə heyətini yoxlama zamanı Əfqanıstandakı beynəlxalq kontingentin komandanı general Stelin Makkristal müşayiət edib.

"Beynəlxalq qüvvələr komandanlığı bəyan edib ki, hərbçilərimiz sülhün qorunması və obyektlərin mühafizəsi üzrə onların üzərinə düşən vəzifələri peşəkarcasına yerinə yetirirlər ki, bu da bizim üçün çox böyük əhəmiyyət kəsb edir", - Axalaya qeyd edib.

Tarqamadze öz növbəsində vurğulayıb ki, Əfqanıstandakı hərbi missiya gürcü hərbçiləri üçün çox vacibdir. Belə ki, onlar hərbi əməliyyatların aparılması təcrübəsini qazanırlar. "Bizim hərbçilər qarşılarına qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər ki, bu da hərbçilərimizin Əfqanıstana göndərilməsinə qarşı çıxış edənlərə cavabdır", - o deyib.

Nazir Axalaya iyunun 14-dən Əfqanıstandadır. O, Kabildə tərkibi 750 nəfərdən ibarət olan geniş gürcü sülhməramlı taborunun xidmət şəraiti ilə tanış olub. Hərbçilər ABŞ kontingentinin komandanlığı altında Hilmənd əyalətində xidmət edirlər.

Sülhməramlı kontingentə baş çəkmək qərarı Brüsseldə Gürcüstan-NATO komissiyasının iclasından sonra nazir tərəfindən qəbul edilib. Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussen Əfqanıstandakı gürcü kontingenti haqqında müsbət fikir söyləyib və Gürcüstana Alyansın əməliyyatında iştirak etdiyinə görə təşəkkür edib.

2009-cu ilin noyabrından Kabildə fransız kontingentinin komandanlığı altında 173 gürcü sülhməramlısı xidmət edib. Mayda onlar rotasiya edilib. Xidmətini çəkənlər vətənə döndükdən sonra onların əvəzinə eyni sayda sülhməramlı göndərilib. Aprelin sonundan etibarən Əfqanıstanın Hilmənd əyalətində ABŞ kontingentinin komandanlığı altında tərkibi 750 nəfərdən ibarət olan geniş gürcü sülhməramlı taboru xidmət edir. Əfqanıstandakı gürcü sülhməramlılarının ümumi sayı 923 nəfərdir.

Xəbər lenti

Xəbər lenti