Fələstin Milli Administrasiyasının (FMA) sədri Mahmud Abbas bazar ertəsi bəyan edib ki, fələstinlilər İsraillə sülh danışıqlarının pozulacağı halda hökumətin buraxılması variantını nəzərdən keçirmirlər. Xəbəri Anadolu agentliyi yayıb.
Ankarada Türkiyə Prezidenti Abdullah Güllə birgə mətbuat konfransında çıxış edən Abbas bəyan edib ki, əgər israillilərlə sülh danışıqları bərpa olunmazsa, fələstinlilər digər variantlara əl atacaqlar, eləcə də digər dövlətləri Fələstinin müstəqilliyinin tanınmasına çağıracaqlar. Onun sözlərinə görə, lakin fələstinlilər bu variantlardan biri kimi hökumətin buraxılmasına baxmırlar.
Abbas hələlik fələstinlilərin İsraillə sülh danışıqlarının bərpası ilə bağlı dəqiq məlumat almadıqlarını bildirib. Onun sözlərinə görə, Fələstin ərazilərində, xüsusilə də Şərqi Qüdsdə yəhudi yaşayış məskənlərinin tikintisinin dayandırılmasının əlamətləri yoxdur.
"Əgər məskənlərin tikintisi davam etdirilərsə, biz sülh danışıqları apara bilməyəcəyik", - o, deyib.